...

Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsə dair sazişdən 13 il keçir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 May 2007 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanla Ermənistan arasında atəşkəsə dair sənədin imzalandığı dövrdən bəri atəşkəsin pozulması və digər səbəblərdən Azərbaycan Milli Ordusunun 5000-ə yaxın əsgər və zabiti dünyasını dəyişib. Bu barədə cümə günü Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru, ehtiyatda olan mayor zabiti Ələkbər Məmmədov məlumat verib. Onun sözlərinə görə, atəşkəsin pozulması, mina partlayışı və digər hallardan Milli Ordunun əsgər və zabitinin daha çox ölüm faktı 1995-2000-ci illəri əhatə edir. Bu illər ərzində 2000-dən yuxarı əsgər və zabit həlak olub. 2000-ci ildən bu vaxtadək Milli Ordunun hər il 500-dən artıq əsgər və zabiti həlak olub.

Hərbi ekspert Üzeyir Cəfərov isə açıqlamasında atəşkəs dövründə atəşkəsin pozulması və mina partlayışı nəticəsində sərhədyanı ərazilərdə yaşayan Azərbaycanın 1000-dən artıq mülki şəxsinin həlak olduğunu deyib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə açıqlamasında bildirib ki, atəşkəsin əldə olunmasına baxmayaraq, bu müddət ərzində Ermənistan Silahlı Qüvvələri atəşkəsi intensiv şəkildə pozub. O, atəşkəsin pozulması nəticəsində Milli Ordunun əsgərlərinin həlak olduğunu bildirsə də, say barəsində məlumat verməyib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən isə bildiriblər ki, agentliyin fəaliyyəti dövründə Azərbaycanın 47 882 491 kvadratmetr ərazisi minalardan təmizlənib və 216 565 mina zərərsizləşdirilib. Agentliyin məlumatına görə, qurumun yarandığı 2001-ci ildən bəri 86 mina partlayışı faktı nəticəsində 53 nəfər həlak olub, 122 nəfər yaralanıb.

1994-cü il 12 may tarixində Bişkekdə Azərbaycanla Ermənistan rəhbərliyi arasında atəşkəsə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti