...

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesini müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2007 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ ATƏT-in fəaliyyətdə olan sədri Migel Anxel Moratinos Cənubi Qafqaz regionunda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənmə prosesini müzakirə etmək niyyətindədir. İspaniya xarici işlər naziri, ATƏT rəhbəri 4-5 iyun tarixlərində Azərbaycana və Ermənistana səfər edəcək. Bu barədə cümə günü İspaniya XİN-in Qafqaz üzrə məsul şəxsi Qudman Palassios məlumat verib.

Moratinos Bakıya iyunun 4-də axşam gələcək və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Şam yeməyində isə onun xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəyi gözlənilir. Növbəti günün səhəri isə onun Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov və siyasi partiya nümayəndələri ilə görüşəcəyi planlaşdırılıb. Görüşlərdən dərhal sonra isə Moratinos İrəvana uçacaq və Ermənistan prezidenti Robert Köçəryan, baş nazir Serj Sarkisyan, xarici işlər naziri Vardan Oskanyan, qondarma "Dağlıq Qarabağ Respublikasının" prezidenti Arkadi Qukasyan və siyasi partiyaların nümayəndələri ilə görüşəcək. İyunun 5-də axşam Moratinos Madridə yollanacaq.

Palassiosun sözlərinə görə, hazırda ATƏT-in fəaliyyətdə olan sədri Moratinosun Azərbaycan və Ermənistana səfər təşəbbüsü onun özünə məxsusdur. Müzakirələrin 90 faizi ATƏT çərçivəsində, 10 faizi isə İspaniya və Azərbaycan arasında olan ikitərəfli münasibətlərə aid olacaq.

2007-ci ildə İspaniya Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına rəhbərlik edir.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti