...

Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklə bağlı hansı təklif qəbul olunacaq?

Siyasət Materials 19 Sentyabr 2007 15:41 (UTC +04:00)
Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklə bağlı hansı təklif qəbul olunacaq?

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi üçün Avropa Şurası Venesiya Komissiyasının ekspertlərinin iştirakı ilə Bakıda keçiriləcək müzakirələrdə siyasi partiyaların hər biri öz təkliflərini irəli sürəcək. Bu barədə çərşənbə günü Trend ə Azərbaycanın müxtəlif siyasi partiyalarının rəhbərləri açıqlamalar veriblər.

AŞ Venesiya Komissiyasının nümayəndəsi Serqey Kuznetsov Trend ə bildirib ki, oktyabrın sonunda Seçki Məcəlləsinə dəyişikliklə bağlı Bakıda keçiriləcək toplantıya 2005-ci il parlament seçkilərində iştirak etmiş bütün siyasi partiyaların rəhbərləri dəvət olunacaq.

Azərbaycanda seçkiləri keçirən Mərkəzi Seçki Komissiyası parlamentdə çoxluq təşkil edən, azlıqda olan və bitərəf deputatları təmsil edən şəxslərdən formalaşıb. Hər üç qrup 6 nəfər nümayəndəsini təqdim edir və MSK 18 nəfər üzvdən ibarət formalaşır. MSK üzvləri dairə seçki komissiyalarına, dairə üzvləri isə məntəqə seçki komissiyalarına öz nümayəndələrini təqdim edirlər.

Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki,

bu cür formalaşma ən optimal və ədalətli variantdır. O, müxalifətin seçki komissiyalarını paritet (bərabər) əsasda formalaşdırılması təklifini məqbul saymır və hesab edir ki, cəmiyyətdə heç bir siyasi düşərgəni təmsil etməyən böyük bir təbəqə var və onların da nümayəndəsi seçki komissiyalarında təmsil olunmalıdır.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, seçki komissiyalarının indiki tərkibdə formalaşması ən düzgün variantdır və bu tərkiblə demokratik seçki keçirmək mümkündür. Qurbanlının fikrincə, indiyədək keçirilmiş seçkilərdə bu format özünü doğruldub.

Müxalifəti təmsil edən üç partiyanın birləşdiyi "Azadlıq" bloku (AXCP, ALP, VİP) seçki komissiyalarının son parlament seçkilərində (2005-ci il) ölkə üzrə ümumi səslərin bir faizindən çoxunu toplayan partiyalardan ibarət formalaşdırılmasını təklif edir. Blokun bu təklifinə əsasən, seçki komissiyaları YAP, AXCP, ADP, AMİP, ALP, ASDP, Müsavat partiyalarından ibarət olmalıdır. Bu isə nəticə etibarilə komissiyalarda yerlərin böyük bir hissənin müxalifət partiyalarının payına düşməsi deməkdir.

Müxalifətçi Müsavat Partiyası isə "Azadlıq" blokunun bu təklifi ilə razılaşsa da, onu real hesab etmir. Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı deyib ki, iqtidarın həmin təklifi qəbul edəcəyi inandırıcı deyil. Ona görə də Müsavat Partiyası seçki komissiyalarının iqtidarla müxalifət arasında bərabər bölünməsini təklif edir. Hacılı həmçinin deyib ki, Müsavat seçki komissiyalarında bitərəflərin, yaxud QHT nümayəndələrinin təmsil olunmasının tərəfdarı deyil: "Çünki mövcud təcrübə də göstərir ki, seçki komissiyalarında "bitərəf" adı ilə təmsil olunan şəxslər yalnız hakimiyyətin mövqeyini dəstəkləyir. Əgər QHT-lər təmsil olunarsa, hakimiyyət onlardan da öz xeyrinə istifadə edəcək"-deyə Hacılı bildirib.

Müxalifətçi Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, o da MSK-nın 9 nəfər iqtidar, 9 nəfər müxalifət nümayəndəsindən ibarət formalaşdırılmasını təklif edir.

Müxalifətyönlü Ədalət Partiyasının sədri İlyas İsmayılov isə hesab edir ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, seçki komissiyalarında yalnız peşəkar, ədalətli, dürüstlüyü ilə tanınan insanlar təmsil olunmalıdır.

Müxalifətyönlü Böyük Quruluş Partiyası (BQP) tamam fərqli təkliflə çıxış edərək MSK-nın ləğv olunmasını, seçkiləri ATƏT-in nəzarəti altında Azərbaycanın Daxili İlər Nazirliyinin keçirməsini vacib sayır. BQP sədri Fazil Qəzənfəroğlu hesab edir ki, MSK səlahiyyətləri olmayan qurumdur, DİN isə geniş imkanlara, çevik strukturlara malikdir və seçkilərin nazirlik tərəfindən keçirilməsi maddi baxımdan da dövlət büdcəsinə qənaət olar.

Azərbayanın bir sıra QHT-ləri isə hesab edir ki, seçki komissiyaları tamamilə siyasi mənsubiyyəti olmayan QHT nümayəndələrindən ibarət olmalıdır. "Vətəndaş Cəmiyyəti Uğrunda" təşkilatının rəhbəri Eldar İsmayılov bildirib ki, əks halda həm iqtidar, həm də müxalifət seçki komissiyalarını məhz özlərinə sərf edən şəkildə formalaşdırmağa çalışacaqlar.

Xəbər lenti

Xəbər lenti