...

Müxalifət partiyası Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Siyasət Materials 26 Sentyabr 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sərbəst toplaşmaq hüququnun pozulmasına görə Bakı şəhər İcra Hakimiyyətindən məhkəməyə şikayət verib. Bu barədə çərşənbə günü AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib.

Bakı şəhər İcra Hakimiyyəti AMİP-in avqustun 28-də, sentyabrın 7-də və 20-də Nazirlər Kabineti qarşısında keçirməyi planlaşdırdığı piketlərə icazə verməyib. Partiya üzvləri sərbəst toplaşmaq hüquqlarının Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhdudlaşdırıldığını, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinin pozulduğunu iddia edirlər.

Partiyanın Səbail rayon məhkəməsinə təqdim etdiyi şikayət ərizəsində tələb olunur ki, özbaşına qərarlar çıxardığına görə Bakı şəhər İcra Hakimiyyətinin barəsində ölçü götürülsün.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti