...

ABŞ öz maraqları naminə Qarabağ probleminin dondurulmasına çalışır - azərbaycanlı ekspert

Siyasət Materials 26 Noyabr 2007 16:33 (UTC +04:00)
ABŞ öz maraqları naminə Qarabağ probleminin dondurulmasına çalışır - azərbaycanlı ekspert

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İndiki şəraitdə Dağlıq Qarabağ probleminin mümkün həll variantlarından hər biri ABŞ-ın regiondakı maraqlarına ziddir. Ona görə də ABŞ bu problemin dondurulması və uzun müddət üçün təxirə salınması variantını seçir.

Bu fikirləri bazar ertəsi Trend ə açıqlamasında Azərbaycanlı ekspert Mais Güləliyev bildirib.

O, ABŞ-ın xarici siyasətinin təhlilinə, Cənubi Qafqaz ölkələri, xüsuislə Azərbaycanla münasibətlərinə dair "Böyük Şeytan və ya Sonun Başlanğıcı" adlı kitab yazıb və çərşənbə axşamı nəşrin təqdimat mərasmini keçirəcək.

Güləliyev bildirib ki, monoqrafiyasında ABŞ-Azərbaycan əlaqələrini bir neçə mərhələdə təhlil edib. Onun təhlilinə görə, 1945-ci ildən 1991-ci ilə qədərki I dövrdə SSRİ-nin parçalanması məqsədilə ABŞ-da hazırlanmış xüsusi plan əsasında SSRİ tərkibində olmuş respublikaların mümkün yaxınlaşmasının qarşısı alınmalı idi. Adətən belə tədbirlər qonşu ölkələr arasında etnik konfliktlərin yaradılması və mövcud iqtisadiyyatın "özəlləşdirmə" adı altında məhv edilməsi yolu ilə aparılır.

Güləliyev hesab edir ki, böyük neft kontraktlarının imzalandığı 1994-cü ilə qədərki dövrü əhatə edən II mərhələdə ABŞ hökuməti əsasən müxalifət qüvvələrini dəstəkləyərək, müharibə şəraitində olan Azərbaycanın daxili həmrəyliyinə və səfərbərliyinə ciddi mane olub: "Əsas məqsəd isə hakimiyyətin gücünü zəiflətməklə ölkənin sərvətlərinin nəzarətə keçirilməsi və regionda möhkəmlənməkdən ibarət olub".

Azərbaycan-Amerika əlaqələrinin III dövrü 1994-cü ildən sonrakı dövrləri, məhz ABŞ-ın iqtisadi, siyasi maraqlarına xidmət edən neft kontraktlarının imzalanmasından sonrakı dövrü əhatə edir. Güləliyevin fikrincə, əgər əvvəlki dövrlərdə ABŞ Azərbaycan cəmiyyətinin parçalanması və iqtisadi cəhətdən zəiflədilməsi istiqamətində fəaliyyət göstərirdisə, sonrakı dövrdə onun tərəfindən "idarə edilə bilən", "zahirən sabit" cəmiyyətin formalaşmasında daha maraqlı oldu.

Güləliyev hesab edir ki, ABŞ-ın Azərbaycan üzrə strategiyasının əsas prioritetləri öz şirkətlərinin təhlükəsizlik və böyük mənfəətli fəaliyyətinə imkan yaradılması, bu yolla Azərbaycanın ictimai və siyasi həyatını nəzarətdə saxlamaqdan ibarətdir. Həmçinin Azərbaycanın müstəqil fəaliyyətinin digər ölkələr üçün nümunə olmasına imkan verməmək, lazım olan hallarda hakimiyyətə təsir göstərmək üçün idarə oluna bilən siyasi müxalifətin yaradılmasıdır: "ABŞ bu prioritetdən Azərbaycandakı siyasi hakimiyyətin nəzarətdə saxlanılması üçün, lazım olanda ondan hasilat sənayesi, regional siyasətlə bağlı güzəştlər qopartmaq məqsədilə istifadə edir" - deyə Güləliyev bildirib.

Onun sözlərinə görə, ABŞ həmçinin Azərbaycan daxilində vətəndaş birliyinin olmaması üçün müxtəlif tipli potensial etnik münaqişələr təhlükəsini yaratmağa, Azərbaycanla həmsərhəd və ya tarixi əlaqəsi olan ölkələr arasında münaqişələrin olmasına çalışır.

"ABŞ-ın əsas məqsədlərindən biri də regional dövlətlərin bir-biri ilə əməkdaşlığına mane olmaqdır. Ermənistan-Azərbaycan münaqişəsinin əsasında ABŞ-ın iqtisadi maraqlarının təmin edilməsi dayanır. ABŞ enerji təhlükəsizliyi və regional siyasi hegemonluğu naminə Azərbaycanı daim münaqişə vəziyyətində saxlayacaq və yaxın 20-25 ildə bu, Amerikanın xarici siyasətinin prioriteti olacaq" - deyən Güləliyev əlavə edib ki, buna baxmayaraq, ictimai müqavimət göstərərək ABŞ-ın öz maraqlarını Azərbaycanın maraqları ilə uzlaşdırmasına, Qarabağ probleminin dinc yolla həllinə nail olmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti