...

Vətəndaşların yol hərəkəti qaydalarını pozması adi hala çevrilib- daxili işlər nazirinin müavini

Siyasət Materials 5 Dekabr 2007 11:23 (UTC +04:00)
Vətəndaşların yol hərəkəti qaydalarını pozması adi hala çevrilib- daxili işlər nazirinin müavini

Azərbaycan,Bakı Trend müxbir K.Zərbalıyeva/ Daxili işlər nazirinin müavini hesab edir ki, vətəndaşlar tərəfindən yol hərəkəti qaydalarının pozulması adi hala çevrilib.

Nazir müavini Oruc Zalov bu haqda rəsmi mətbuata müsahibəsində bildirib.

Nazirlik rəsmisinin verdiyi məlumata görə, son dövrlərdə ölkədə hər il təxminən qeydə alınan 3 mindən artıq yol-nəqliyyat hadisəsi nəticəsində mindən artıq insanın həlak olur, 3,5 mindən çoxu isə yaralanır.Ölənlərin 109-u, yaralananların isə 362-sı uşaq və yeniyetmələr olub. "Təhlil göstərir ki, yol-nəqliyyat hadisələrinin baş verməsi əksər hallarda hərəkət iştirakçılarının intizamının səviyyəsindən asılı olur", -deyə Zalov vurğulayıb.

Rəsmi statistikaya görə, cari ilin 9 ayı ərzində törədilmiş yol-nəqliyyat hadisələrinin 43%-i sürücülər tərəfindən sürət rejiminə riayət olunmaması, 23%-i ötmə qaydalarının pozulması və qarşı hərəkətin zolağına çıxma nəticəsində baş verib. Hadisələrin 20%-dən çoxunu törətmiş şəxslərin həmin nəqliyyat vasitələrini idarəetmə hüququ olmayıb. Cari ildə 1500-dək şəxs avtomobildən istifadə etməklə qaydaları kobud şəkildə və davamlı olaraq pozaraq ətrafdakılar üçün təhlükə törətməklə avtoxuliqanlıq etdiklərinə görə inzibati məsuliyyətə cəlb olunub.

Zalov hesab edir ki, hərəkət intensivliyinin xeyli yüksəlməsi və digər amillər respublikada yol-qəza hadisələrinin dinamikasına təsirini göstərir .

Respublikada fiziki və hüquqi şəxslərə məxsus avto-motonəqliyyatın sayı 760 mini ötüb.

Nazir müavini bildirib ki, yalnız son 2 il ərzində ölkəyə 150 minədək avtomobil gətirilib. Hazırda ölkə əhalisinin təxminən hər 11 nəfərinə 1 avtomobil düşür. Zalov pozuntuların və qəzaların sayının minimuma endirilməsi istiqamətində "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər nəticəsində sanksiyaların sərtləşdirilməsini vacib sayır.

Bir müddət öncə Milli Məclis "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə əlvə və dəyişikliklərlə bağlı qanun qəbul edib. Həmin qanunda yol hərəkəti qayda pozuntularına görə, cərimələrin məbləği artırılıb və cəzalar sərtləşdirilib.

Zalov bildirib ki, bu addım yol hərəkəti prosesinin bütün iştirakçılarının məsuliyyətinin artmasına xidmət edəcək. "Respublikamızda bu xətalara görə cərimələr digər dövlətlərlə, xüsusən də Avropa ölkələri ilə müqayisədə çox az idi və bu səbəbdən də qanunları pozmağa meyilli sürücüləri xətaları təkrar törətməkdən çəkindirmirdi. İnanırıq ki, yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi səmərəli nəticə verəcək", deyə Zalov vurğulayıb.

BMT-nin Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada yol-nəqliyyat hadisələrində təxminən 1,2 milyonadək insan həlak olur, 20 milyondan çox yaralanır, fiziki və hüquqi şəxslərə isə 500 milyard dollar həcmində ziyan dəyir.

Xəbər lenti

Xəbər lenti