...

Qarabağdakı separatçı rejim ermənilərin Azərbaycanda keçirilən seçkidə iştirakına mane olur - MSK katibi

Siyasət Materials 4 Fevral 2008 13:05 (UTC +04:00)
Qarabağdakı separatçı rejim ermənilərin Azərbaycanda keçirilən seçkidə iştirakına mane olur - MSK katibi

Azərbaycan, Bakı, 04 fevral/ müxbir Trend , S.İlhamqızı/ Azərbaycanın işğal altında olan ərazilərindəki mövcud separatçı rejim orada yaşayan ermənilərə Azərbaycanda keçirilən seçkilərdə iştirak etməyə imkan vermir. Trend in məlumatına görə, bu fikirləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bazar ertəsi keçirdiyi mətbuat konfransında səsləndirib.

Bu ilin oktyabrında Azərbaycanda prezident seçkisi keçiriləcək.

Məmmədov bildirib ki, yanvarın 1-dən Azərbaycan seçicilərinin siyahısının dəqiqləşdirilməsinə başlanılıb və bu proses mayın 30-dək davam edəcək. İşğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş vətəndaşların da adlarının dəqiqləşdirilməsi gedir və vahid seçici siyahılarına daxil edilir. Məmmədovun sözlərinə görə, işğal altında olan Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları da seçkidə iştirak etmək istəyir, bu barədə MSK-ya müraciətlər daxil olur. "Əvvəlki seçkidə də belə hallar olub, bizə məktubla, elektron poçtla, telefon zəngi ilə bildiriblər ki, seçki hüquqlarından istifadə etmək istəyirlər. Lakin təəssüf ki, separatçı rejim buna mane olur, erməni əsilli Azərbaycan vətəndaşlarını bu hüquqdan məhrum edir"-deyə MSK katibi bildirib.

Dağlıq Qarabağ (Xankəndi) da daxil olmaqla işğal altındakı bütün ərazilər üzrə seçki dairələri mövcuddur və bu dairələr üzrə bütün seçkilərdə səsvermə keçirilir.

Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilib. Bu ərazi Azərbaycanın nəzarətindən kənardadır və oranın azərbaycanlı sakinləri məcburi köçkün həyatı yaşayırlar.

Xəbər lenti

Xəbər lenti