...

Azərbaycanda seçkiöncəsi iqtidaryönlü partiyaların yeni bloku yaradıla bilər

Siyasət Materials 4 Fevral 2008 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbr Q.Cəbiyev/ Azərbaycanın iqtidaryönlü partiyaların cəmləşdiyi Məşvərət Məclisi buraxılmalıdır. "Bu qurum, faktiki olaraq, fəaliyyət göstərmir və belə bir qurumun buraxılmasına ehtiyac var" - bazar ertəsi Trend ə qurumun üzvü, Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Məşvərət Məclisində hakim Yeni Azərbaycan Partiyası, iqtidaryönlü AVP, Milli Dövlətçilik, Sosial Rifah, Demokratik Azərbaycan Dünyası partiyalarının cəmləşdiyi 9 siyasi təşkilatla təmsil olunur. Məclis 1998-ci ildə prezident seçkiləri ərəfəsində yaradılıb və iqtidarın namizədini dəstəkləyib.

Ağamalı bildirib ki, Məşvərət Məclisinin toplantıları vaxtında keçirilmir və yalnız hansısa yubileylərdə toplanır. "Məşvərət Məclisi vaxtilə çox ciddi fəaliyyət göstərib. Lakin təəssüf ki, bu gün qurum haqqında müsbət fikir söyləmək mümkün deyil. Qurumun hansısa addımı cəmiyyətin marağına səbəb olmur" -AVP sədri əlavə edib. Millət vəkilinin sözlərinə görə, AVP qurumda fəaliyyətini dayandırıb. Ağamalı hesab edir ki, partiya cəmiyyət, prezidentin həyata keçirdiyi siyasətin təbliği üçün daha faydalı işlərlə məşğul olur. O, bundan sonra iqtidaryönlü partiyaların toplandığı yeni bir qurumun yaradılmasını istisna etməyib.

Məşvərət Məclisinə sədrlik edən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə isə, hesab edir ki, bu qurumun fəaliyyətinin gücləndirilməsinə ehtiyac var. Qurumu buraxmaq yeganə çıxış yolu deyil.

YAP-ın mətbuat xidmətindən isə, bildirilib ki, Məşvərət Məclisinin fəaliyyəti yox dərəcəsindədir. Bununla belə, Məclisin buraxılması məsələsinə hakim partiya tərəfindən konkret mövqe bildirilməyib.

Xəbər lenti

Xəbər lenti