Azərbaycan, Bakı 12 fevral /" müxbir İ.Əlizadə/ Ötən il bələdiyyələrin fəaliyyətindən şikayətlər artıb. "2006-cı ildə Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı 1086 şikayət daxil olubsa, ötən il bu rəqəm 1649 təşkil edib", - deyə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında bələdiyyələrin ötən ilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahidov bildirib.
Onun sözlərinə görə, vətəndaşların əsas şikayətləri mülkiyyət hüquqlarının pozulması və onlara qanunla verilməli olan torpaq sahələrinin əldə edə bilməmələri ilə bağlı olub.
Qanuna görə, bələdiyyələrin fəaliyyətinə nəzarəti Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi həyata keçirir.
Hesabatda qeyd olunub ki, 2007-ci ildə 25 bələdiyyə barəsində prokurorluq orqanları tərəfindən cinayət işi başlanılıb. Həmin bələdiyyələrdən üçü ilə bağlı məhkəmə qərarı qəbul edilib, digərlərinin barəsində istintaq tədbirləri davam etdirilir. 2006-cı ildə bələdiyyələrlə bağlı 17 cinayət işi açılıb.
Cinayət xarakterli pozuntular Abşeron, Salyan, Biləsuvar, Sabiradab, Şamaxı, Qobustan və Zaqatala rayon bələdiyyələrində qeydə alınıb. Həmin bələdiyyələrin rəhbərləri - bələdiyyə mülkiyyətində olan əmlakın qanunsuz özgəninkiləşdirilməsi, dövlət mülkiyyətinə məxsus əmlakın qanunsuz satılması, dövlət büdcəsinə ziyan vurulması, bələdiyyə büdcəsinə məxsus maliyyə vəsaitinin çatışmazlığı, bələdiyyənin maliyyə sənədlərinin gizlədilməsi, mühasibat uçotunun qanuna zidd aparılması və bələdiyyə iclasının səlahiyyətlərinə dair məsələlərlə bağlı təkbaşına qərarlar verməkdə günahlandırılıblar.
Hesabatda qeyd olunub ki, görülən tədbirlər nəticəsində, 116 min 560 manat məbləğində vəsaitin uçotdan yayınmasının qarşısı alınıb və həmin vəsait bələdiyyələrin balansına qaytarılıb.
Bələdiyyə rəhbərlərinin cinayət xarakterli hərəkətləri nəticəsində, bələdiyyə mülkiyyətinə 253 min 639 manat məbləğində ziyan dəyib.
Araşdırmalar zamanı bələdiyyələrin 301 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə, 31 ha torpaq sahəsinin qanunsuz istifadəyə və 1817 ha torpaq sahəsinin qanunsuz icarəyə verildiyi müəyyənləşib və həmin qərarlar Ədliyyə Nazirliyinin tövsiyyələri əsasında, bələdiyyələr və məhkəmələr tərəfindən ləğv olunub. Bütövlükdə 2149 ha torpaq sahəsinin qanunsuz satılmasının qarşısı alınıb.
Zahidov qeyd edib ki, bələdiyyələrdə yol verilən qanun pozuntularının səbəblərindən biri də şəffaflığın və demokratik idarəçilik prinsiplərinin pozulmasıdır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]