...

Azərbaycanda siyasi partiyaların qeydiyyatının ləğv olunmasına Apellyasiya məhkəmələrində baxılacaq

Siyasət Materials 9 Aprel 2008 15:00 (UTC +04:00)
Azərbaycanda siyasi partiyaların qeydiyyatının ləğv olunmasına Apellyasiya məhkəmələrində baxılacaq

Azərbaycan, Bakı, 09 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda siyasi partiyaların dövlət qeydiyyatına alınmamsı ilə bağlı şikayətlərə və qeydiyyatın ləğv olunmasına Apellyasiya məhkəmələrində baxılacaq. "İnzibati Prosessual Məcəllənin layihəsinin ilkin varitantında siyasi partiyaların, Kütləvi İnformasiya Vasitələrinin qeydiyyata alınmaması ilə bağlı şikayətlərə, qeydiyyatın ləğv olunmasına və seçki ilə əlaqədar məsələlərə Ali Məhkəmədə baxılması nəzərdə tutulurdu. Lakin Məcəllədə dəyişiklik edilib və bu məsələlərə ilkin instansiya kimi Apellyasiya məhkəmələrinin inzibati mübahisələrə dair işlər üzrə kollegiyalarında baxılması nəzərdə tutulub", - deyə Azərbaycan Parlamentinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının iclasında İnzibati Prosessual Məcəllənin layihəsini hazırlayan İşçi qrupun rəhbəri, deputat Rəfael Cəbrayılov bildirib.

Komissiyanın iclasında İnzibati Prosessual Məcəllənin layihəsi müzakirə olunub. Layihə birinci oxunuşda Milli Məclisdə qəbul olunub.

"Siyasi partiyaların, Kütləvi İnformasiya Vasitələrinin qeydiyyata alınmaması ilə bağlı şikayətlərə, qeydiyyatın ləğv olunmasına və seçki ilə əlaqədar apellyasiya şikayətlərinə Ali Məhkəmədə baxılması nəzərdə tutulub", - deyə Cəbrayılov əlavə edib.

Onun fikrincə, Məcəllə dövlətlə vətəndaşlar arasında yaranan inzibati mübahisələrin həllini nəzərdə tutur.

Komissiyanın sədri Əli Hüseynov bildirib ki, inzibati mübahisələrə dair qanunvericiliyin yaradılması Azərbaycan üçün yeni bir sahədir. Parlament "İnzibati icraat haqqında" qanun qəbul edib. Lakin İnzibati Prosessual Məcəllənin qəbul edilmədiyinə görə, qanun qüvvəyə minməyib və icra edilmir.

Hüseynov qeyd edib ki, yaxın günlərdə məhkəmə hakimiyyəti nümayəndələrinin iştirakı ilə İnzibati Prosessual Məcəllənin geniş ictimai müzakirələri keçiriləcək.

Deputat Qüdrət Həsənquliyev isə hesab edir ki, dövlət orqanlarında işə qəbul olunma və azad edilmə ilə bağlı məsələlərə baxılması da İnzibati Prosessual Məcəlləyə daxil edilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti