Azərbaycan, Lənkəran. 11 may / Trend müxbir P.Əliyeva / Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı və Divan üzvü Gülağa Aslanlı bu gün Lənkəranda partiyanın yerli təşkilatının fəalları ilə görüş keçirib.
Bu barədə məlumatı partiyanın Lənkəran təşkilatının sədri Yadigar Sadıqov verib. Onun sözlərinə görə, görüşdə əsas məqsəd seçki öncəsi partiya qarşısında duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq, yerli müsavatçıların fikir və təkliflərini dinləməkdən ibarət olub.
Arif Hacılı bildirib ki, seçkilərdə iştirakın alternativi yoxdur və boykot müxalif partiyaların siyasi səhnədən daha da sıxışdırılmasına səbəb olacaqdır: "Müsavat Partiyası yenə də seçkilərdə xalqın etimadını qazanacaq və onun iradəsinin həyata keçməsi üçün mübarizə aparacaqdır".
Texniki məsələlərdən danışan Gulağa Aslanlı, "müxalifət və beynəlxalq təşkilatlar Seçki Məcəlləsinin demokratikləşdirilməsini tələb etdikləri halda, hakimiyyətin təklif etdiyi dəyişikliklərin əksəriyyəti mürtəce xarakter daşıyır", deyə bildirib.
Müsavat Partiyası Lənkəran təşkilatının sədri Yadigar Sadıqov təşkilatdaxili məsələlərdən danışıb, yerli müsavatçıların fikir və təklifləri dinlənilib.
Qeyd edək ki, Müsavat Partiyası Lənkəran təşkilatının 900-dən artıq üzvü var ki, bunların 70-i qadındır.