...

Azərbaycanlı deputatlar işğal olunan ərazilərdə ermənilərin törətdikləri yanğınların Parlamentdə müzakirəsini tələb edirlər

Siyasət Materials 16 May 2008 14:08 (UTC +04:00)
Azərbaycanlı deputatlar işğal olunan ərazilərdə ermənilərin törətdikləri yanğınların Parlamentdə müzakirəsini tələb edirlər

Azərbaycan, Bakı, 16 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin deputatları Ermənistan tərəfindən işğal olunan ərazilərdə ermənilərin törətdikləri yanğınlarla bağlı beynəlxalq təşkilatların nümayəndələri və xarici ölkə səfirlərinin iştirakı ilə Parlamentdə müzakirə aparılmasını tələb edirlər.

"BMT, ATƏT, GUAM, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin nümayəndələri Parlamentə dəvət olunmalı və onların iştirakı ilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində törədilən yanğınlar, maddi sərvətlərin talanması və tarixi abidələrin dağıdılması ilə bağlı müzakirə aparılmalıdır. Müzakirənin sonunda qətnamə qəbul olunmalı və beynəlxalq təşkilatlara göndərilməlidir", - deyə Parlamentin cümə günü keçirilən iclasında deputat Əli Məsimli bildirib.

Məsimli bildirib ki, işğal olunmuş ərazilərdə ermənilərin törətdikləri yanğınlar davam edir:"Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Prezident seçkiləri ilində təxribat xarakterli hadisələr artacaq. Ona görə də, Parlament məsələyə biganə qalmamalıdır".

Deputat Aynur Camalqızı da hesab edir ki, Parlamentdə Qarabağla bağlı müzakirələrin keçirilməsi vacibdir: "Beynəlxalq təşkilatların və xarici ölkələrin Ermənistandakı nümayəndələri Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edirlər. Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi Bakı ilə tərəfdaş olan ölkələrə, beynəlxalq təşkilatlara bu cür halların təkrar olunmaması ilə bağlı müraciət etməlidir".

Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunan ərazilərdə törədilən yanğınların qarşısını almaq üçün beynəlxalq təşkilatlar səviyyəsində xeyli iş görüb: "Yaxın vaxtlarda GÜAM, AŞPA və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı da Azərbaycanın işğal olunan ərazilərində ermənilər tərəfindən törədilən yanğınlara qiymət verəcək".

Xəbər lenti

Xəbər lenti