Azərbaycan, Bakı, 29 may/ Trend , müxbir A.Qasımova/ Mayın 22-23-də keçirilmiş enerji təhlükəsizliyi məsələləri üzrə Kiyev Sammitinin nəticələri barədə Ukrayna prezidenti Viktor Yuşşenko ilə Trend -un müsahibəsi
- Kiyevdə keçirilmiş Enerji Sammiti Sizin ümidlərinizi doğrultdumu və gələcəkdə Ukrayna belə tədbirlərin keçirilməsini davam etdirəcəkmi?
- Mübaliğəsiz demək olar ki, enerji təhlükəsizliyi məsələləri üzrə Sammit həm Ukrayna, həm də bütün Avropa üçün istisna dərəcədə vacib hadisə oldu. Müasir dünyada enerji təhlükəsizliyi məsələləri getdikcə daha aktual olur. Buna görə də, enerji ehtiyatlarının tranziti sahəsində vahid Avropa siyasətinin işlənilməsi fikri getdikcə daha çox dəstək tapır. İndiki Sammitin iştirakçıları bu istiqamətdə, xüsusilə də ümumi enerji tranziti məkanının yaradılmasına dair növbəti əməli addım atıblar. O, bu mərhələdə Baltik, Qara dəniz və Xəzər regionlarını birləşdirməlidir. Sammit iştirakçıları Baltik-Qara dəniz-Xəzər enerji tranziti birliyi konspensiyası haqqında Ümumi bəyanatı təqdir ediblər. Ümumi məkan enerji bazarının bütün iştirakçılarının - enerji ehtiyatlarının istehsalçısı olan ölkələrin, tranzit və istehlakçı ölkələrinin maraqları, hüquqları və öhdəliklərini nəzərə almalıdır. Bu enerji rıçaqlarından beynəlxalq münasibətlərdə siyasi təzyiq vasitəsi kimi istifadə cəhdlərindən qaçmağa imkan verəcək. İştirakçılar Ukraynanın Sammitin yekunlarına dair təklifi üzrə qlobal enerji təhlükəsizliyi haqqında Kiyev Bəyannaməsini təqdir ediblər və bu Bəyannamə Səkkizlər Qrupu ölkələrinə və Aİ-ə üzv bütün dövlətlərə təqdim olunacaq. Biz, həmçinin, enerji daşıyıcılarının mənbələrinin və nəqletmə marşrutlarının diversifikasiyası istiqamətində nəzərə çarpacaq irəliləyişi qeyd etdik. Texniki-iqtisadi əsaslandırılmasının hazırlanması başa çatma mərhələsində olan "Odessa-Brodı-Plotsk-Qdansk" layihəsinin reallaşdırılmasının əməli fazasına keçid buna dəlalət edir. Layihənin gələcək reallaşdırılmasının dəstəklənməsi üçün ayırca Ümumi bəyanat imzalanıb. Biz beynəlxalq ictimaiyyətin diqqətini Ukraynanın enerji potensialına, xüsusilə də ölkəmizin ərazisində Xəzər neftinin dərin emalı kompleksinin tikintisi planlarına cəlb edə bildik. Biz Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasının yaradılmasında səylərimizi birləşdirə bildik. İlk dəfə olaraq tədarükçülərin, tranzitçilərin və istehlakçıların maraqlarının yaxınlaşdırılmasına dair real mexanizm təklif edilib. Bu gün bizim Ukrayna və beynəlxalq tərəfdaşlarımızla birlikdə, gələcəkdə də enerji təhlükəsizliyi məsələləri üzrə belə miqyaslı tədbirlər keçiriləcəyini söyləməyə bütün əsasımız var.
- QazınUkrayna vasitəsilə Mərkəzi Asiyadan Avropaya nəqli üçün nəzərdə tutulmuş "Ağ axın" qaz kəmərinin tikintisi layihəsinin reallaşdırılmasında Azərbaycana hansı rolu ayırırsınız?
- Bu qaz kəməri Zaqafqaziya və Ukrayna ölkələri vasitəsilə Mərkəzi-Orta Asiya regionlarını Avropa dövlətləri ilə birləşdirməlidir. Beləliklə, biz qaz hasil edən, nəql edən və istehlak edən ölkələri vahid bir qrupda "bağlaya" bilərik. Azərbaycan üçün bu layihə Asiya qazını tranzit edən və həmçinin, ən sərfəli bazarda - Avropa bazarında satıla bilən şəxsi qaza malik olan bir ölkə kimi maraq kəsb edir. Düşünürəm ki, ikiqat fayda Azərbaycanın bu layihənin reallaşdırılmasında iştirakını real edir.
- Sizin fikrinizcə, Xəzər neftinin Odessa-Brodı kəməri üzrə Avropaya ixracı regiondakı rəqabəti artırmağa və Avropanın enerji təhlükəsziliyini gücləndirməyə nə dərəcədə yardım edə bilər?
- "Odessa-Brodı" neft kəməri ilə Xəzər neftinin nəql edilməsi məsələsi əməli xarakter alıb. O, enerji sammitinin gündəliyində əsas məsələlərdən biri olub. Bu yalnız Ukrayna və Azərbaycan arasında deyil, digər maraqlı ölkələrdə də geniş əməkdaşlıq spektrində davamını tapmalı olan layihədir. Biz Xəzər və Baltik dənizlərini birləşdirəcək enerji dəhlizinin yaradılmasından danışırıq. Bu, regional əməkdaşlığın yeni elementidir. Layihəyə cəlb olunan bütün ölkələrin siyasi dəstəyi var. İqtisadi və texniki detalları razılaşdırmaq, təcrübədə sınaqdan keçirmək və nəticələri gözləmək qalıb. Azərbaycan prezidenti təsdiqləyib ki, onun ölkəsi ixracın diversifikasiyası siyasətinin tərəfdarıdır. Biz bu məsələdə Azərbaycanın əməkdaşlığa hazır olduğunu yüksək qiymətləndiririk.
Bir neçə gün əvvəl Gürcüstanın Qara dəniz sahilində, Azərbaycanın sərmayələri hesabına tikilmiş terminal açılıb. O, "Odessa-Brodı-Plotsk-Qdansk" layihəsini nəzərə alır və bu, enerji dəhlizinin ayrılmaz zənciridir.
- Azərbaycan-Ukrayna ikitərəfli əməkdaşlığının hazırki səviyyəsi mövcud potensiala uyğundurmu? İkitərəfli münasibətlərdə bu gün və perspektivdə hansı uğurlu aspektləri qeyd etmək olar? Onlardan hansıları Sizin Azərbaycana qarşıdakı səfəriniz zamanı müzakirə olunacaq?
- Biz son illərdə ikitərəfli münasibətlərin inkişafında hiss ediləcək irəliləyişə nail olmuşuq. Xüsusilə də ticarət dinamik inkişaf edir. Onun həcmi hər il təqribən yardım dəfə artır, beynəlxalq arenada. o cümlədən də DİİT-GUAM formatında səmərəli əməkdaşlıq qurulub.
Biz enerji sferasında, xüsusilə də "Asiya-Qafqaz-Avropa" enerji nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığı da fəallaşdırmışıq, Avropanın enerji daşıyıcıları ilə alternativ və sərfəli təchizatı kimi "Odessa-Brodı-Ploçk-Qdansk" layihəsinin reallaşdırılmasında konkret addımların atılmasına dair razılıqlar əldə olunub. Biz qarşılıqlı əlaqələrimizin keyfiyyət baxımından yeni səviyyəyə çıxması perspektivlərini enerji sahəsində əməkdaşlığın inkişafı ilə bağlayırıq.
Məlum olduğu kimi, ötən il mayın əvvəlində yanacaq-energetika kompleksi məsələləri üzrə əməkdaşlıq parametlərinin və istiqamətinin müəyyən edilməsi üzrə Ukrayna-Azərbaycan ekspert işçi qrupunun birinci iclası keçirilib. Enerji sahəsində əməkdaşlığın əsas istiqamətləri müəyyən edilib. Bu istiqamətlər xam neftin və neft məhsullarının Mərkəzi və Qərbi Avropaya tranzitində qarşılıqlı əlaqə, Ukrayna zavodlarında Azərbaycan neftinin emalıdır. Bu, həmçinin, Azərbaycanın istehsalı olan neft-qaz avadanlığının Ukraynaya tədarükünün təşkili deməkdir.
Bundan əlavə, bu gün aviasiya, nəqliyyat, kosmik sahə, tikinti, kənd təsərrüfatında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin yaxşı perspektivləri mövcuddur..
Yüksək səviyyədə aparılacaq danışıqların əhəmiyyətli hissəsi bu məsələlərə, eləcə də Azərbaycan prezidentinin bir müddət əvvəl Ukraynaya səfəri zamanı artıq əldə edilmiş razılıqların reallaşdırılmasına həsr olunacaq.
- Sizin fikrinizcə, GUAM-ın 2008-ci ilin iyulunda Tbilisidə keçirilməsi planlaşdırılan sammitində hansı məsələlər ilk növbədə müzakirə edilməlidir? GUAM çərçivəsində sülhməramlı taborun formalaşdırılması prosesi hansı mərhələdədir?
- Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın - GUAM-ın növbəti, bu dəfə Tbilisi Sammiti Azərbaycanın GUAM-da sədrliyinin yekunlarına dair məsələləri və növbəti il üçün fəaliyyət planını mütləq nəzərdə keçirəcək. Bu kontekstdə Azərbaycanın GUAM-ın gələcək təşəkkülünə və Təşkilatın beynəlxalq nüfuzunun artırılmasına əhəmiyyətli töhfə verdiyini qeyd etmək istəyirəm. Sammitin gündəliyində ilkin məsələlərə Avropanın enerji təhlükəsziliyinin təmin edilməsində GUAM-ın iştirakı ilə bağlı iqtisadi sahədəki birgə layihələrin reallaşdırılması perspektivlərini, GUAM-a üzv ölkələrin tranzit potensialından istifadənin səmərəliliyinin artırılması məsələləri daxildir. Mütəşəkkil cinayətkarlıqla mübarizə və qaçaqmalçılıq sahələrində üzv dövlətlərin əməkdaşlığının davam etdirilməsi, humanitar sahədə qarşılıqlı əlaqə problematikaları diqqətdən kənarda qalmayacaq. GUAM-ın sülhməramlı taborunun yaradılmasına dair məsələ hazırda ekspertlər səviyyəsində ilkin müzakirə mərhələsindir və onu prezident sammitində müzakirə etmək hələ tezdir.
- Rusiya faktoru Ukraynanın NATO-ya daxil olmasını nə dərəcədə çətinləşdirəcək?Ukraynalılar üçün ölkənin Alyansa daxil olmasının hansı müsbət və mənfi cəhətləri ola bilər?
- Mən vurğulamaq istərdim ki, NATO-ya qoşulmaq məsələsi Ukrayna tərəfindən bir qədər uzaq perspektivdə nəzərdə keçirilir - bu bir ilin, xüsusən də bir sammitin vəzifəsi deyil. NATO-da üzvlüyə hazırlıq üzrə Fəaliyyət Planına qoşulmaq haqqında daha dəqiq danışmaq olar və bu, həqiqətən də yaxın sammitlərin birində baş verə bilər.
Məlum olduğu kimi, Rusiya bu məsələyə kifayət qədər ağrılı reaksiya göstərir və bizim fikrimizcə - tamamilə əsassız olaraq. Biz belə yanaşmanı qeyri-konstruktiv və bir qədər irrasional hesab edirik.
Ukrayna Rusiyanın simasında etibarlı tərəfdaş görür və bu dövlətin təhlükəsizlik maraqlarına hansısa bir şəkildə zərər vurmağı qarşısında vəzifə qoymur. Mən min dəfə təkrar etməkdən yorulmayacağam ki, biz rusiyalı həmkarlarımızı sakitləşdirmək üçün bütün zəruri zəmanətləri verməyə hazırıq. Biz bu məsələ üzrə bütün səviyyələrdə genişləndirilmiş məsləhətləşmələrə hazırıq və Rusiyanın qızğın reaksiyanı sakit və konstruktiv danışıqlardan nə üçün üstün tutduğunu anlamırıq. Bizə bunu müzakirə etmək və toqquşma nöqtələrini hazırlamaq lazımdır. Yalnız onu deyə bilərəm ki, belə məsləhətləşmələr olmadığından, Rusiyanın istənilən arqumentləşdirilməmiş müqaviməti Ukraynanın milli təhlükəsizlik məsələlərində həlledici amil ola bilməz və heç zaman da olmayacaq.
Qoşulmanın müsbət və mənfi cəhətlərinə gəldikdə isə, birinciləri biz görmürük, ikincilər isə, bizim üçün aydındır. Əvvəla, bu əlbəttə, istənilən xarici təhlükələrdən - real və ya potensial təhlükələrdən güclü qoruyucudur. Tarix göstərir ki, NATO zamanla sınaqdan keçmiş və Avroatlantik məkanda sabitlik və təhlükəsizliyə zəmanət verə bilmiş yeganə kollektiv təhlükəsizlik təşkilatıdır. İkincisi, bu sərmayədarlara güclü siqnaldır ki, bu ölkəyə rahat şəkildə pul yatırmaq olar. Bu gün Ukrayna üçün bu, ən sanballı arqumentlərdəndir. Və nəhayət, üçüncüsü - bu. ayrı-ayrı regionların və ya ümumilikdə qitənin təhlükəsziliyinə görə məsuliyyəti bizim avropalı tərəfdaşlarımızla paylaşmaq imkanıdır.
Biz heç zaman özümüzü "təhlükəsizlik istehlakçıları" hesab etməmişik və təhlükəsizlik məsələlərinin ən geniş miqyasda həlli üçün təcrübə, ilk növbədə isə, sülhməramlı təcrübəsi təqdim edə bilərik.
Bu gün biz aydın şəkildə Ukraynanın mümkün qədər tezliklə ÜFP-ə, perspektivdə isə, NATO-ya qoşulması üçün həll etməli olduğu birinci növbəli vəzifələri aydın şəkildə anlayırıq. Mənim şübhəm yoxdur ki, biz bu yolda bütün maneələri uğurla aradan qaldıracağıq. Əminəm ki, Avropanın miqyaslı və presedentiz birləşməsi prosesi, vahid və ayrılmaz təhlükəsizlik və çiçəklənmə məkanının yaradılması yekun nəticə olacaq.