Araz Ələsgərov, Trend -un Ankaradakı xüsusi müxbiri
Ankaranın sonradan Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması adını almış yeni diplomatik təşəbbüsü ilk dəfə Gürcüstanda hərbi əməliyyatlar başladıqdan dərhal sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən səsləndirilib.
Məzuniyyətdə olduğu Bodrumda Türkiyə KİV qarşısında çıxış edən Ərdoğan Cənubi Osetiyadakı müharibəni "ciddi narahatlıq doğuran" münaqişə kimi xarakterizə edib. Baş nazir tərəfləri sülhə və diplomatik vasitələrdən istifadəyə çağırıb. "Birinci gündən biz istəyirdik ki, sülh əldə olunsun. Biz diplomatik yolla danışıqların davam etdirilməsinin lehinə çıxış edirik", - Ərdoğan o zaman bəyan etmişdi.
Gürcüstandakı münaqişənin mümkün nizamlama yollarına toxunan Ərdoğan vəziyyətin sabitləşməsi üçün Cənubi Qafqaz respublikalarından başqa,Avropa ölkələri, ABŞ və Rusiya Federasiyasının da qoşulacağı "Qafqaz Alyansı" yaratmağı təklif edib.
Bu təşəbbüsün mahiyyətini açıqlayan Ərdoğan vurğulayıb ki: "Balkanlarda olduğu kimi, sülhün bərqərar olması üçün biz "Qafqaz Alyansı"nın yaradılması üzrə işə başlaya bilərik. Türkiyə bu rolu icra edə bilər. Bunu, müvafiq ölkələrlə birgə hərəkətlər, fikirlərin hazırlanması vasitəsilə və məsələlərin BMT səviyyəsində nəzərdən keçirilməsi ilə etmək mümkündür. Biz ABŞ və Aİ ölkələri ilə birgə addım atarıqsa, o zaman regionda sülhün bərqərar olması üçün əlverişli zəmin yarada biləcəyik. Şübhəsiz, Rusiya Federasiyası da belə Alyansda iştirak etməlidir".
Rusiya və Gürcüstan arasında sülh bağlanıldıqdan sonra, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan məzuniyyətini dayandırıb və Moskvaya gözlənilməz səfər edib. Burada o, Rusiya prezidenti Dmitri Medvedyev və rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Moskvaya səfər zamanı Ərdoğanı xarici işləri naziri Əli Babacan müşaybət edib. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb. İkitərəfli münasibətlərdən əlavə, Baş nazirin Rusiya rəhbərliyi ilə danışıqlarında əsas mövzu Gürcüstandakı vəziyyət olub,- "Türkiyə" qəzeti xəbər verib.
Moskva və Ankara danışıqlarda bəyan ediblər ki, Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlığın təmin edilməsi üçün böhranlı vəziyyətlərdə qüvvəyə minəcək
xüsusi mexanizm yaradılsın. Türkiyə və Rusiya xarici işlər nazirlərinin bu istiqamətdə işə başlaması barədə razılıq əldə olunub.
Türkiyəli Baş nazir Moskvaya səfərinin sonunda bildirib ki, Rusiya onun Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması haqqında təklifini ümumilikdə təqdir edib. "İşlərimizin yekununda gələcəyə meylli qarşılıqlı anlaşmaya - Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması çərçivəsində birgə iş haqqında anlaşmaya gəldik".
O güman edib ki, bu iş çərçivəsində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatından (QİƏT) istifadə edilə bilər. "Hazırda bizim xarici ticarət dövriyyəmiz çox yaxşı vəziyyətdədir, Rusiya isə bizim bir nömrəli tərəfdaşımızdır və bununla əlaqədar daha böyük inkişafa meylliyik", - Türkiyənin Baş nazir bəyan edib.
Türkiyənin Baş naziri Moskvadakı görüşlərdən sonra Tbilisiyə səfər edib və bura da ölkə prezidenti Mixail Saakaşvili ilə görüşüb. Türkiyə KİV-in verdiyi xəbərə görə, gürcü lider prinsipcə Ankaranın layihəsinə razılıq verib.
Türkiyəli siyasi icmalçı Yasemin Conqarın (Yasemin Congar) rəyinə görə, Türkiyənin Baş naziri Ərdoğan, avqustun 20-nə planlaşdırılan Bakıya birgünlük səfərində də Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasını müzakirə etməyi planlaşdırır. O, Azərbaycan rəhbərliyinin dəstəyini almaq və İrəvanla münasibətlərə dair "Qafqaz Alyansı"nın çatışmayan halqası ilə danışıqlar prosesinə başlamağa ümid edir.
Qeyd edilir ki, bunun üçün əlverişli beynəlxalq vəziyyət yaranıb. Yüksək səviyyədə əlaqələrin davam etdirilməsi üçün Türkiyə və Ermənistan yığma komandalarının futbol oyununa dəvət edilən prezident Abdullah Gülün Ermənistana səfərindən istifadə etmək olar. Bu kontekstdə futbol oyununa baxmaq üçün Ermənistana səfər etməyi arzulayan Türkiyə vətəndaşları üçün vizaların müvəqqəti ləğvi faktı Türkiyə üçün müsbət yekun hesab edilir.
Layihədə İrəvanın mahiyyətindən danışan Ərdoğan qeyd edib ki: "Ermənistan olmadan Qafqaz planı inkişaf etməyəcək". Yasemin Conqar bu bəyanatı Ankaranın İrəvanla münasibətlərdə Azərbaycan faktını aradan qaldırmaq əzmində olmasının təzahürü kimi nəzərdən keçirir.
Bir müddət əvvəl hakim partiyaya yaxın "Yeni Şəfəq" qəzetində dərc olunan "Ermənistan da ittifaqda yer almalıdır" başlıqlı məqalədə də Ankaranın Bakı və İrəvanın bu layihədə iştiraka razılıq verməsinə dair diplomatik səylərinin mövzusuna toxunulub. Bu məqalədə qeyd edilir ki, Azərbaycan və Ermənistanın Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasını təqdir etməsi "sabitlik və sülhə riayət edilməsi şəraitində ölkələr arasında iqtisadi əməkdaşlığın və enerji təhlükəsizliyinin inkişafına" yardım edəcək.
Vurğulanır ki, layihə yalnız Rusiya və Gürcüstan arasında deyil, həm də Qarabağ münaqişəsinin problemlərinin həllinə imkan yaradacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]