Gürcüstan, Tbilisi, 12 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan ABŞ-ın köməyi ilə, Rusiyaya Abxaziya və Cənubi Osetiyanın suverenliyini birtərəfli tanımaqla Gürcüstandakı münaqişələri tənzimləməyə imkan verməməlidir. Bu barədə ABŞ-da səfərdə olan Gürcüstan parlamentinin sədri David Bakradze deyib.
O, BMT-də, ABŞ senatında, konqresdə və administrasiyada görüşlər keçirir.
"Bizim üçün Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsində mövqeləri həlledici olacaq ABŞ-ın və bütün dünya ictimaiyyətinin dəstəyi vacibdir", - Bakradze bildirib.
Spikerin sözlərinə görə, ABŞ-ın yardımının ikinci tərkib hissəsi - iqtisadi yardımdır."Gürcüstana veriləcək məbləğ dəqiqləşdirilib və indi həmin vəsaitin bölüşdürülməsi prioritetlərini müəyyən etmək lazımdır", - Bakradze bəyan edib.