Azərbaycan, Bakı, 12 sentyabr / Trend / Türkiyənin "Unit" şirkəti ilə Ermənistanın yüksək voltajlı işıq şirkəti arasında əldə edilmiş razılaşmaya əsasən, Ermənistan Qars regionu vasitəsilə Türkiyəyə elektrik enerjisi verəcək. Bu haqda İranın İRİB News informasiya agentliyi xəbər verib.
Bağlanmış müqaviləyə əsasən, Ermənistan Türkiyəyə ilk mərhələdə 1.5 mlrd kilovatt işıq enerjisi ixrac edəcək. Bu həcm gələcəkdə 2 dəfə artırılacaq. Ermənistanın energetika naziri Armen Movsisyan jurnalistlərə açıqlamasında Ermənistanın Türkiyəyə elektrik enerjisi ixrac etməyə hazır olduğunu, lakin Türkiyənin hazırlıq işləri ilə bağlı möhlət istədiyini deyib. Türkiyənin idxal edəcəyi elektrik enerjisinin hər kilovattının qiyməti 5.7 sent məbləğində razılaşdırılıb. Elektrik enerjisinin alqı-satqısı ilə məşğul olan "Unit" şirkətinin nümayəndələri prezident Abdullah Gülün Yerevan səfərində Türkiyə nümayəndə heyətinin tərkibinə daxil edilmişdilər.