...

Azərbaycanın prezidentliyə keçmiş namizədləri hökumətin tərkibinin dəyişdirilməsini zəruri sayırlar

Siyasət Materials 21 Oktyabr 2008 16:03

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) yenidən prezident seçilən İlham Əliyevin andiçmə mərasimindən sonra hökumətin tərkibində hər hansı dəyişiklik aparılmasını vacib saymır.

"Bizim üçün vacib olan cəmiyyətin obyektiv şəkildə özünün liderini seçə bilməsidir və bu proses baş verib",- YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə çərşənbə axşamı Trend - a bildirib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçirilib.

Prezident seçkisinin yekunu olaraq, Yeni Azərbaycan Partiyasının sədri, indiki dövlət başçısı İlham Əliyev 88,73 faiz səslə qalib gəlib.

Müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə - 2, 86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu - 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 2,28 faiz, bitərəf namizəd Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev - 0,78 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 0,65 faiz səs toplayıb.

Azərbaycan Konstitusiyasına görə, yeni seçilən prezidentin andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefaya göndərilir və yeni hökumət formalaşdırılır.

Mirzəzadənin sözlərinə görə, yeni seçilən prezident Konstitusiya ilə ona verilən səlahiyyətlər çərçivəsində, komandasını yenidən formalaşdıracaq.

"Komandada kimlərin olacağını və strukturu məsələsini, şübhəsiz ki, prezident müəyyənləşdirəcək", - YAP funksioneri vurğulayıb.

Mirzəzadə düşünür ki, indi əsas məsələ komandada yenilərin olub - olmaması yox, prezidentin öz siyasi kursunu daha yüksək templə davam etdirməsidir.

"Cəmiyyət üçün maraqlı olan onun sosial problemlərinin həlli, Azərbaycanın bir dövlət kimi qüdrətlənməsi, Qarabağ probleminin həllinin yaxınlaşması və beynəlxalq aləmdə nüfuzumuzun artmasıdır. Prezidentin bu istiqamətdə atacağı addımlar cəmiyyət üçün daha maraqlıdır", - Mirzəzadə deyib.

Azərbaycanın müxalifətçi prezidentliyə namizədi olmuş, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev hökumətdə dəyişiklikləri zəruri sayır.

"Azərbaycan hökumətindəki bəzi məmurlar öz yerində deyillər. Bu da onu göstərir ki, Azərbaycanın dövlət başçısının sərəncamlarını yerinə yetirə bilmirlər", - çərşənbə axşamı TerndNews - a Hacıyev bildirib.

Hacıyevin fikrincə, hökumətdə Azərbaycan dövləti və xalqı üçün əlindən gələni edən məmurlar da az deyil.

"Amma elə məmurlar da var ki, dövlət rəhbərinin işində süni şəkildə əngəl rolunu oynayırlar. Onlar prezidentin sərəncamlarının yerlərdə icra olunmasına imkan vermirlər", - partiya sədri vurğulayıb.

Müasir Müsavat Partiyası liderinin sözlərinə görə, yenidən prezident seçilən İlham Əliyev ona verilən səlahiyyətlərdən istifadə etməlidir.

"Ətrafında iş görməməkləri bir yana, dövlətə xəyanət edən məmurları sıradan çıxarmalıdır. Onlar elə düşünürlər ki, toxunulmazdırlar. Belə məmurlar nə qədər əvəz olunmursa, Azərbaycanda hər an dövlətə xəyanət təhlükəsi də qalır", - Hacıyev qeyd edib.

"Biz hökumətin tərkibində dəyişikliklərin ediləcəyini 2003 - cü il prezident seçkisindən sonra gözləsək də, reallaşmadı", - çərşənbə axşamı Trend - a prezidentliyə digər keçmiş namizəd, müxalif Liberal Demokrat Partiyasının (LDP) sədri Fuad Əliyev deyib.

Əliyev yenidən preziden seçilən İlham Əliyevin bu dəfə komandada dəyişiklik edəcəyinə inanır. "Hesab edirəm ki, məmurların ən azı 50 faizi istefaya göndəriləcək. 15 il bir vəzifədə oturan məmur nə qədər yaxşı işləsə belə, hökumətə yeni insanlar gəlməlidir", - LDP sədri bildirib.

"Hökumətin tərkibində dəyişiklik edib - etməmək prezidentin səlahiyyətində olan məsələdir, mən onun işinə müdaxilə etmək istəməzdim", - çərşənbə axşamı Trend - a müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə keçmiş namizəd Qüdrət Həsənquliyev bildirib.

BAXCP sədri özünün prezident seçiləcəyi təqdirdə, Azərbaycanda milli etimad hökuməti formalaşdıracağı ilə bağlı vədinə əməl edəcəyini deyib.

"Bu qurumda ölkənin bütün siyasi palitrası təmsil olunacaqdı. Bundan sonra proporsional seçki sistemi bərpa olunacaq və 2010 - cu ilin parlament seçkiləri nəticəsində qalib gələn partiya hökuməti formalaşdıracaqdı. Amma indi İlham Əliyevin hökuməti yenidən necə formalaşdıracağı öz səlahiyyətində olduğundan, konkret heç nə deyə bilmərəm", - Həsənquliyev vurğulayıb.

"Bu hökumət Azərbaycan üçün artıq on ildən çoxdur heç bir iş görmədiyindən, tamamilə yenidən qurulmalıdır", - çərşənbə axşamı Trend - a prezidentliyə keçmiş müstəqil namizəd, yeni yaranacaq Aydınlar Partiyasının Təşəbbüs Qrupunun üzvü Qulamhüseyn Əlibəyli deyib.

Əlibəylinin fikrincə, yeniləşmiş hökumətdə bir sıra nazirliklər birləşdirilməli və səlahiyyətləri bölüşdürülməlidir: "Hesab edirəm ki, insanlar da artıq bir adamın 10 - 15 il nazir olmasından beziblər", - prezidentliyə keçmiş namizəd xatırladıb.

Müxalif Ümid Partiyasının sədri, prezidentliyə keçmiş namizəd İqbal Ağazadə isə, bu məsələ onun səlahiyyətinə aid olmadığı üçün, əlavə şərh verməkdən imtina edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti