Fransa, Strasburq, 28 yanvar/ Trend , müxbir A. Məhərrəmli/ AŞ Abxaziya və Cənubi Osetiyada vəziyyətdən çıxış yolu tapmağa kömək edə bilər, - AŞ Nazirlər Komitəsinin (NK) sədri, İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos AŞPA - da çıxışında deyib. O qeyd edib ki, ölkəsinin NK-ya sədrliyi dövründə Gürcüstanda baş verənlərlə ciddi maraqlanacaq və müharibə nəticəsində ev-eşiyindən didərgin düşmüş insanların yurdlarına dönmək haqqının tanınmasına səy göstərəcək. "Bu insanların bizim dəstəyimizə ehtiyacı var. Mən bütün diplomatik vasitələrdən istifadə edərək, məsələyə xüsusi diqqət göstərəcəyəm. Biz İsveç sədrliyi dönəmində hazırlanmış AŞ- nin Fəaliyyət Planının yerinə yetirilməsinə çalışacağıq", - deyə nazir bildirib.
Avropa İnsan Haqları Məhkəməsinin işini daha da səmərələşdirməyi nəzərdə tutan 14-cü Protokolu Rusiyanın imzalamaması ilə bağlı, nazir bildlrib ki, Moskvaya sonuncu səfərində bunu Rusiya rəsmiləri ilə müzakirə edib."Məsələ hələ müzakirə olunur. Rusiya prezidentinin martın əvvəlində İspaniyaya rəsmi səfəri zamanı bu məsələni yenidən gündəmə gətirəcəyik. 14 - cü Protokol ratifikasiya edilməzsə, İspaniya sədrliyi digər formulların tapılmasına çalışacaq", - Migel Angel Moratinos əlavə edib.