...

Azərbaycan Prezidenti Novruz bayramı münasibətilə xalqı təbrik edib

Siyasət Materials 19 Mart 2009 17:49 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Dövlət başçısı təbrikində təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişinin əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü kimi qəbul edildiyini bildirib. Təbrikdə gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayramın insanları daim birliyə, sülhə və əmin-amanlığa səslədiyi, bahar mərasimlərinin, adət-ənənələrinin əsrlərin sınağından çıxaraq ulu babalarımızdan bizə yadigar qalmış misilsiz ərməğan olduğu deyilir.
Prezident milli təfəkkürümüzün və mədəni-mənəvi dəyərlərimizin parlaq təcəssümü sayılan Novruz bayramının suveren Azərbaycan dövlətinin rəsmi bayramı olaraq müstəqil respublikamızın hər bir guşəsində kütləvi şənliklərlə qeyd edildiyini bildirib.
Təbrikində dövlət başçısı doğma Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş Azərbaycan övladlarının xatirəsinin bu əziz gündə ehtiramla yad olunduğunu, ölkəmizin hüdudlarından uzaqlarda soydaşlarımızın da bizimlə bərabər Bahar bayramını böyük sevinclə qarşıladıqlarını, milli həmrəyliyimizin rəmzinə çevrilmiş bu el bayramının azərbaycançılıq məfkurəsi ətrafında onların müqəddəs Vətənə bağlılıq duyğularını daha da möhkəmləndirəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti