...

Türkiyə – Suriya üçün "Avropa və ABŞ-a pəncərə"

Siyasət Materials 6 May 2009 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir Ü.Sadıxova /

Türkiyə ilə münasibətlərdə yaxınlaşmağa Suriya, Yaxın Şərqdəki siyasi təsirini bərpa etmək və ABŞ-la tərəfdaşlığı yaxşılaşdırmaq şansı kimi baxır, ancaq bu, İsraillə Dəməşq arasındakı birbaşa olmayan danışıqların gedişinə təsir etməyəcək, - analitiklər hesab edir.

"Suriya öz dəstək mənbəyini dəyişməyə və Türkiyə vasitəsilə Aİ və ABŞ-la münasibətləri yaxşılaşdırmağa çalışır", - Trend -a elektron poçtla Dəməşq Vətəndaş Hüquqları İnstitunun hüquq müdafiəçisi Haldun əl-Əsvad deyib.

Dəməşq və Ankaranın münasibətlərində yaxınlaşmanı ötən həftə Suriya-Türkiyə sərhədindəki hərbi təlimlər və mayın ortalarında Türkiyə Prezidenti Abdulla Gülün qonşu ölkəyə edəcəyi səfər bilavasitə nümayiş etdirir.

Suriya və Türkiyə arasındakı əlaqələr 90-cı illərin sonlarında gərginləşib. O zaman Kürd İşçi Partiyasının (KİP) başçısı Abdulla Öcalan məhz bu ölkəyə qaçmışdı. Sonradan Öcalan türk xüsusi xidmət orqanları tərəfindən ələ keçirilmişdi.

Həmçinin, sərhəd Hatay regionunun statusu da həll olunmamış olaraq qalır. Hər iki tərəf bu əyalətə iddia edir.

"Suriya və Türkiyənin münasibətləri hələ də hər iki tərəfin Hatay regionuna iddialı olması və eyni su resurslarından yararlanmaları səbəbindən dayanıqsızdır", - Trend -a Suriya siyasətinin öyrənilməsində analitik Neyl Kulyam deyib.

Buna baxmayaraq, Suriya və Türkiyə öz münasibətlərinin strateji vacibliyini anlayır. Bu, xüsusilə İraqda təhlükəsizliyin bərpa olunması, eləcə də Ərəb-İsrail münaqişəsinin həllində özünü göstərir, - müşahidəçilər hesab edir.

"Suriya üçün Türkiyə ilə münasibətlərin yaxşılaşması, Yaxın Şərqdə Livanın sabiq Baş naziri Rəfiq Həririnin qətlindən sonra itirdiyi siyasi və diplomatik birinciliyin geri qazanılması deməkdir", - Control Risks Britaniya mərkəzinin Yaxın Şərqdə təhlükəsizlik və siyasət üzrə aparıcı analitiki Kulyam hesab edir.

Suriyanın Livanın daxili işlərinə qarışmasının əleyhinə olan Həririnin qətlində əsas şübhəli tərəf Dəməşq olaraq alır, ancaq Suriya rəhbərliyini bunu qəbul etmir.

Kulyam Suriyanın ABŞ-a Ərəb-İsrail münaqişəsinin Dəməşqin iştirakı olmadan həllinin mümkün olmadığını sübut etmək istəyini də istisna etmir.

"Bu səbəbdən də Suriya Türkiyə ilə münasibətləri Obama Administrasiyasına təsir vasitəsi kimi istifadə edəcək", - Kulyam bildirib.

Suriya rəhbərliyini terrorçu qruplara dəstək verməkdə günahlandıran Corc Buşun sabiq Administrasiyasından fərqli olaraq, Ağ Evin hazırkı başçısı iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq məqsədilə konqresmenlərdən ibarət bir neçə nümayəndə heyətini Dəməşqə göndərib.

Ancaq Suriya-ABŞ münasibətləri, Dəməşq və Tehranın strateji tərəfdaşlığı, o cümlədən Suriyanın Fələstinin HƏMAS hərəkatı və Livanın "Hizbullah" partiyasına dəstək verməsi səbəbindən gərgin olaraq qalır.

"Ona görə də ABŞ İranın Yaxın Şərqdəki təsir gücünü zəiflətmək üçün Suriyanı öz tərəfinə çəkməlidir", - ekspertlər hesab edir.

Bu səbəbdən də, türkiyəli hərbi ekspert Bahadır Koçun fikrincə, Suriya Ankaranın Qərb ölkələri ilə yaxın münasibətlərini nəzərə alaraq Türkiyənin qismində "ABŞ və Avropaya pəncərə" görür.

"Suriya yenidən ərəb dünyasında nüfuz və təsir gücünü bərpa etməyə can atır və bu nöqteyi-nəzərdən ABŞ-la yaxınlaşma vacibdir", - Trend -a İstanbuldan telefonla Koç deyib.

O, hesab edir ki, Türkiyə seçimi təsadüfi deyil, çünki Ankara, ərəb ölkələrinin sıx Suriya-İran münasibətləri və Dəməşqin HƏMAS və "Hizbullah"a verdiyi dəstəyi tənqid etdikləri zamanda Suriya ilə münasibətləri nizamlamağa başlayıb.

Kulyam da bununla razıdır və hesab edir ki, Suriya Prezidenti Bəşər Əsəd ötən ay Türkiyəyə səfər etmiş Obamanın diqqətini cəlb etmək üçün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla yaxın münasibətlərindən yararlanmağa çalışacaq.

Ancaq ikitərəfli münasibətlər və regional problemlərin həlli ilə yanaşı, Dəməşq və Ankaranın tərəfdaşlıqlarının möhkənləndirilməsi dolayı Suriya-İsrail danışıqları baxımından vacibdir. Türkiyə bu danışıqlarda baş vasitəçi rolunda çıxış edir.

Dəməşq və Təl-Əvivin İsrailin Qolan yüksəkliklərini geri qaytarması üzrə dolayı danışıqları, İsrail ordusunun ötən ilin dekabrında Qəzza Zolağında apardığı hərbi əməliyyatlar nəticəsində pozulub.

Ancaq başda Benyamin Netanyahu olmaqla İsrailin sağçı hökuməti danışıqların yeni mərhələsindən imtina edib. "Təl-Əviv bunu Suriyanın İran və "Hizbullah"la münasibətləri daha da möhkəmləndirməsi ilə izah edib", - İsrail KİV yazır.

Müşahidəçilər hesab edir ki, Türkiyəyə fələstinlilər və suriyalılarla sülh anlaşması imzalamağa hazır olmayan İsraildən daha çox, Suriya ilə münasibət qurmaq sərf edir.

"Dialoqun bərpası mümkün deyil. Səbəb İsrail hökumətinin radikal mövqeyidir. Buna görə də nə ABŞ-dakı yəhudi lobbisi, nə də İsrailin özü Suriya-Türkiyə yaxınlaşmasının qarşısını almaq iqtidarında deyil", - Trend -a Ankaradan telefonla Hüsni Məhəlli, Yaxın Şərq siyasəti üzrə aparıcı analitik deyib.

əl-Əsvad da hesab edir ki, dialoqun başlanması mümkün deyil, sülhdə maraqlı olmadığından İsrailin sağçı hökuməti sülh danışıqlarını dayandırmağa səbəb axtarır.

Qəzza Zolağındakı hərbi münaqişədən sonra Türkiyə hərbi əməkdaşlıq yolu ilə İsrailə təsir etmək imkanına malik idi. Lakin Türkiyənin Baş naziri Ərdoğanın Davosdakı forumda İsrailin hərəkətlərini tənqid etməsindən sonra çətin ki, Ankara Suriya-İsrail danışıqlarında əsas oyunçu olsun.

"Əsas məsələ İsrailin Davosdan sonra Türkiyəni qəbul etməyə razı olub-olmayacağındadır", - Koç deyib. - ABŞ-ın təzyiqi ilə İsrail Suriya ilə danışıqlara başlaya bilər, ancaq bu danışıqlarda Türkiyəyə hansı rolun veriləcəyi məlum deyil". 

"Türkiyənin İsraillə hərbi əməkdaşlığını saxlamasına baxmayaraq, dekabrda Qəzzaya giriş İsrailin ünvanına ciddi tənqid dalğasını doğurdu. Buna görə də, Ankaranın Təl-Əvivlə, xüsusilə də yeni Netanyahu hökuməti ilə münasibətlərin dəyişməsini istəyəcəyi istisna deyil", - Kulyam əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti