...

İrandakı iğtişaşlarda hansısa Qərb ölkəsinin birbaşa rolu istisnadır

Siyasət Materials 24 İyun 2009 09:11 (UTC +04:00)
İrandakı iğtişaşlarda hansısa Qərb ölkəsinin birbaşa rolu istisnadır

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbirlər D.Xatınoğlu, T, Konyayeva /

Qərb medialarının İranda olan hadisələri geniş şəkildə əks etdirməsinə və Qərb rəsmilərinin iğtişaşlarla bağlı rəsmi Tehranı tənqid etmələrinə baxmayaraq, İranda prezident seçkiləri ilə bağlı yaranmış iğtişaşların hansısa Qərb ölkəsinin təşkilatçılığı ilə baş vermə ehtimalı istisnadır.

"İranda milyonlarla aksiyaçının xaricdən təşkilatlandırılması istisnadır, onların daxildəki liderləri Musəvi və Kərrubi Tehran rejiminə tamamilə vəfalıdırlar", - sabir Prezident Məhəmməd Əli Rəcainin müavini Möhsün Sazeqara (Mohsen Sazegara) Trend -a bildirib.

İranın xarici işlər naziri Mənuçöhr Möttəki Qərb ölkələrini İranda yaranmış iğtişaşlarda ittiham edib. Mehr agentliyinin iyunun 22-də yaydığı məlumata əsasən, Möttəki, xüsusilə də Britaniyanı birmənalı şəkildə ölkədə sabitsizliyi pozmaqda, BBC-ni isə xalqı üsyana təhrik etməkdə ittiham edib. Parlamentin Təhlükəsizlik Komissiyasının üzvu Kazım Cəlali bazar ertəsi Trend -a bildirib ki, İranda iğtişaşlara səbəb olan Britaniya ilə münasibətlərə yenidən baxılacaq.

İranın Qərb ölkələrini ölkədə yaranan iğtişaşlar və terrorlarla bağlı ittiham etməsi yeni hadisə deyil. Bundan əvvəl rəsmi Tehran dəfələrlə Qərbi İranın cənub-şərqində fəaliyyət göstərən "Condullah" qrupu, Kürdüstanda "Pejak" (PKK-nın İran qolu) və İraqda fəaliyyət göstərən Xalq Mücahidlərinin törətdiyi terrorlara dəstək verməkdə ittiham edib.

Berlin Tədqiqat Mərkəzinin üzvu iranlı politoloq Mehran Bəratinin fikrincə, İran İslam Respublikası həmişə bu iddia ilə (iğtişaşların xaricdən dəstək alması) çıxış edir. "İndi də seçkilərlə bağlı eyni ittihamları digər formalarda səsləndirirlər. İngiltərədə fars dilində BBC-nin kanalı açılıb. İran xalqı bu kanal vasitəsilə öz nəzər nöqtələrini bölüşür və videomateriallar göndərirlər. İran rəsmiləri ölkədaxili xəbərlərin ölkədən kənarda yayımlanmasından narahatdır. Ona görə İngiltərəyə qarşı bu cür ittiham irəli sürülüb", - Bərati bazar ertəsi telefonla Berlindən bildirib.

Onun fikrincə, hansısa ölkənin digər bir ölkəyə casus göndərməsi mümkündür, lakin milli hərəkat təşkil etməsi istisnadır.

Möttəki, Britaniyanın təşkilatlandırılmış və gizli şəkildə xəfiyyə məmurlarını Boing 747 markalı təyyarə ilə İrana göndərdiyini iddia edib, lakin bunun təfərrüatı ilə bağlı və bu məmurların hazırkı vəziyyəti haqqında da məlumat verməyib.

İranın Milli Mənafeyini Qoruma Təşkilatının rəhbəri Səid Yari Trend -a bildirib ki, Avropa Birliyi Xalq Mücahidləri Təşkilatını öz terror siyahısından dörd aya yaxındır çıxarıb. Onun sözlərinə görə, hazırda rəsmi London onların bir qisminə xarici pasport verərək, casusluq üçün İrana göndərir. Lakin Yarinin iddiası ilə bağlı hansısa bir sübut və rəsmi mənbənin açıqlaması mətbuatda yoxdur. 

Xalq Mücahidləri Təşkilatı İran-İraq müharibəsindən etibarən rəsmi Tehrana qarşı silahlı mübarizə aparıb. Səddam Hüseyn rejiminin ABŞ qüvvələri tərəfindən devrildiyindən sonra 3000 mücahid İraqın "Əşrəf" düşərgəsində nəzarətdə saxlanılır, bəzi üzvləri isə Avropa ölkələrindən sığınacaq alıb.

"Baş verən son hadisələr zamanı (İrandakı iğtişaşlar) İraqın "Əşrəf" düşərgəsindən İrana gəlib təxribat törədən Xalq Mücahidləri Təşkilatı üzvlərinin izləri tapılıb", - Yari telefonla Tehrandan bildirib.

Britaniya Xarici Siyasət Mərkəzininin İran şöbəsinin direktoru Adam Huq Trend -a bildirib ki, İran rəsmiləri iğtişaşları xarici qüvvələrə bağlamaqla siyasi hədəf güdürlər. "Obama Administrasiyasının İranla bağlı yumşaq və güzəştli mövqeyi rəsmi Tehranı qorxudur. Rəsmi Tehranın daxildəki müxalifəti aradan qaldırmaq üçün xarici düşmənə ehtiyacı var, bu, İran rejimi üçün müxalifəti məhv etməyə bir bəhanədir", - Huq çərşənbə axşamı elektron poçtla Trend -a bildirib.

Onun sözlərinə görə, Avropanın bəzi ölkələrinin İranın daxili işlərinə müdaxilə etməsi doğrudur, hazırda BBC İrandakı hadisələri əks etdirir, Almaniya, Fransa və digər Avropa ölkələri İran hakimiyyətini tənqid edir və hətta, seçkilərə aydınlıq gətirməyə çağırır, lakin bunların heç biri İrandakı daxili iğtişaşları təşkil etmək anlamına gəlmir.

Müasir İran Tədqiqat Mərkəzinin rəhbəri Sazeqara hesab edir ki, İran rəsmiləri son 30 ildə, xüsusilə də Xameneyi rəhbər seçildikdən sonra ölkədə baş verən hər bir gərginliyi Qərb və ABŞ-ın üzərinə atır. "Biz ABŞ-ı razı salmağa çalışırıq ki, İran xalqını dəstəkləsin, lakin Obama Admnistrasiyası iranlıları dəstəkləmir. Hamı bilir ki, ABŞ İrana qarşı həddindən artıq yumşaq mövqe tutub və iğtişaşların əsas səbəbi İranda olan hakmiyyətin özüdür", - Sazeqara bildirib.

Huq İran rəsmilərinin Qərblə bağlı etdiyi iddianı rədd etsə də, hesab edir ki, Qərb İran əsilli siyasi fəallara sığınacaq verir, Qərb mediası onların təcrübə və fikirlərini İran xalqına çatdırır və rəsmi Tehran da buna təhlükə kimi baxır. Lakin bu, hazırkı dünyada bir reallıqdır və İran rəsmiləri bununla barışmalıdır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti