...

Türkiyənin Avropa İttifaqına tezliklə üzv olması inandırıcı deyil - Beynəlxalq Türk Strateji Araşdırmalar Mərkəzinin direktoru

Siyasət Materials 1 İyul 2009 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 01  iyul / Trend , müxbir R.Hufizoğlu /

Türkiyədəki Beynəlxalq Türk Strateji Araşdırmalar Mərkəzinin direktoru Sinan Ogan hesab edir ki, Türkiyənin Avropa İttfaqının tələblərini yerinə yetirməsinə baxmayaraq, ölkənin bu quruma tezliklə üzv olması inandırıcı deyil.

"Türkiyənin Aİ-nin bütün tələblərinə yerinə yetirməsi Aİ tərəfindən alqışlansa da, hər dəfə Türkiyəyə yeni tələblərin irəli sürülməsi Ankaranın bu quruma tez bir zamanda üzv olmasına olan ümidləri azaldır", - deyə Ogan çərşənbə günü İstanbuldan telefonla Trend -a bildirib.

Trend un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinin əsas hədəflərindən birinin Avropa İttifaqına tam üzvlük olduğunu bildirib. Bu haqda Türkiyənin Anadolu Agentliyi məlumat verib. Türkiyə ilə Aİ arasındakı əlaqələr 1964-cü ildə imzalanmış Ankara müqaviləsi ilə başlayıb. Aİ 2002-ci ildə müəyyənləşdirdiyi Kopenhagen meyarlarının Türkiyənin üzvlüyü üçün əsas olduğunu bildirmişdi. Bu tarixdən başlayaraq, Türkiyə tərəfi bu meyarlara uyğun ciddi hüquqi, siyasi və iqtisadi islahatlar həyata keçirib. 2005-ci ildən Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı tərəflər rəsmi müzakirələrə başlayıb. Bəzi ekspertlər son bir ildə Türkiyənin Yaxın Şərq və Qafqaz siyasətində daha da fəallaşdığı halda Aİ-yə üzvlük üçün islahatların həyata keçirilmə prosesində ciddi durğunluq yaşadığını hesab edirlər.

Oganın fikrincə, Aİ-yə üzvlük əslində AKP hökumətinin deyil, Türkiyə dövlətinin əsas hədəfidir, lakin Aİ Türkiyənin quruma üzvlük məsələsində bir o qədər də səmimi deyil.

"Siyası və hərbi baxımdan güclü olan Türkiyənin Aİ-yə üzv olması bu quruma daxil olan bütün dövlətlərə təsir edəcək. Elə buna görə də Aİ Türkiyənin bu quruma üzv olması üçün süni şəkildə maneələr yaratmaqdadır", - deyə Ogan bildirib.

Türkiyənin Yaxın Şərqdə ən güclü dövlət olmasına baxmayaraq, regionda dominantlıq etməsi bir o qədər də asan deyil.

"Türkiyənin bütün potensial imkanlara baxmayaraq, Yaxın Şərqdə dominantlıq etməsi çətindir. Çünki Yaxın Şərqdə Türkiyə ilə yanaşı İran, Misir və Səudiyyə Ərəbistanı var", - deyə o qeyd edib.

Ogan hesab edir ki, Türkiyə Aİ-yə üzv olmasa belə, regionda və türk dünyasında aparıcı güc olaraq qalacaq.

Xəbər lenti

Xəbər lenti