Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir C.Babayeva /
Hindistan sahillərində saxlanılan türk gəmisində olan azərbaycanlıların Vətənə qayıtması ilə bağlı heç bir problem yoxdur.
"Beş Azərbaycan vətəndaşının sağlamlığı ilə bağlı heç bir problem yoxdur və onlar qida ilə təmin ediliblər. Azərbaycanlı dənizçilərin dənizçi kitabçaları var və onun vasitəsilə hər an gəmini tərk edərək Vətənə qayıda bilərlər", - cümə günü Azərbaycan XİN-nin mətbuat katibi Elxan Poluxov bildirib.
Hindistan sahillərində Türkiyənin ECE A Tanker Grup şirkətinə məxsus gəmisi saxlanılıb. Türk bayrağı altında üzən gəminin ekipajı beş Azərbaycan, 10 Türkiyə və bir Gürcüstan vətəndaşından ibarətdir.
Dünən Azərbaycan XİN Türkiyə və Hindistandakı səfirliklərinə Hindistan sahillərində saxlanılan, göyərtəsində beş Azərbaycan vətəndaşının da olduğu türk gəmisi ilə əlaqədar məsələni aydınlaşdırmağı tapşırıb.
"Azərbaycanlı dənizçilərin problemi təkcə əmək haqqı ilə bağlıdır. İşlədikləri şirkət üç aydır ki, onların əmək haqqını ödəmir", - Poluxov bildirib.
"Onlara bildiriblər ki, əmək haqqları ödəniləcək və şirkət özü onların Vətənə qayıtmasını təmin edəcək", - XİN nümayəndəsi bildirib.
Poluxov bildirib ki, Azərbaycanın Ankaradakı səfirliyi bu məsələ ilə bağlı Türkiyə XİN-ə müraciət edib. "İdarədən bildirilib ki, sözügedən məsələ araşdırılacaq və bütün lazımi tədbirlər görüləcək", - o bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]