Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin spikeri Dağlıq Qarabağ münaqişəsi məsələsini Moskvada keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının 34-cü Plenar iclasında qaldıracaq.
"Spikerin iclasda çıxışı zamanı Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə vurulan ziyan, çayların çirkləndirilməsi məsələsinə toxunacağı gözlənilir", Trend -un məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycan Parlamentinin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Spiker Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Plenar iclasında iştirak etmək üçün noyabrın 22-də Moskvaya gedəcək.
Təvəkküloğlu deyib ki, iclasda Qara dəniz regionunun su ehtiyatlarından istifadə, bölgənin təbii ehtiyatlarının səmərəli istismarı, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, quruma üzv dövlətlərdə ekoloji şüurun formalaşdırılması və digər təşkilati məsələlər müzakirə ediləcək.
Mətbuat xidməti rəhbərinin sözlərinə görə, hər bir mövzu üzrə azərbaycanlı deputatların da çıxışı olacaq.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 1998-ci ildə yaradılıb. Quruma Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Türkiyə və Ukrayna ölkələri üzvdür.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]