...

Azərbaycan Prezidenti Gəncədə "Ramada Plaza" mehmanxanasının açılış mərasimində iştirak edib

Siyasət Materials 11 Fevral 2010 22:37 (UTC +04:00)
Prezident İlham Əliyev fevralın 11-də Gəncədə “Ramada Plaza” mehmanxanasının açılış mərasimində iştirak etmişdir. Məlumatı AzərTAc Dövlət Agentliyi yayıb.
Azərbaycan Prezidenti Gəncədə "Ramada Plaza" mehmanxanasının açılış mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də Gəncədə "Ramada Plaza" mehmanxanasının açılış mərasimində iştirak etmişdir. Məlumatı AzərTAc Dövlət Agentliyi yayıb.

Gəncə şəhər ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, milli geyimli uşaqlar dövlətimizin başçısına gül dəstəsi və mehmanxananın rəmzi açarını təqdim etdilər.

Prezident İlham Əliyev mehmanxanada yaradılmış şəraitlə tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, son illər istifadəyə verilən müasir mehmanxana kompleksləri böyük əhəmiyyət kəsb edir. Bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də ölkəyə gələn turistlərin sayının artmasına zəmin yaradır. Gəncədə inşa edilən "Ramada Plaza" mehmanxanası da bu qəbildən olan mühüm layihələrdəndir. Mehmanxananın qədim İpək Yolunun əsas hissələrindən olan Bakı-Tbilisi şosesinin üstündə yerləşməsi onun əhəmiyyətini daha da artırır. Mehmanxana kompleksi həm də şəhərin ümumi ansamblına əlavə gözəllik verir.

Təməli 2005-ci ilin mayında qoyulmuş beşulduzlu mehmanxanada qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır.

Bildirildi ki, ən müasir standartlara uyğun olan mehmanxanada 100 nəfərlik fitnes klub, masaj otaqları, türk hamamı, sauna, üzgüçülük hovuzu, tennis, bilyard otaqları, futbol meydançası vardır.

Dövlətimizin başçısı milli mətbəximizin ləziz yeməklərinin təklif olunduğu 60 nəfərlik "Çinar" restoranına baxdı. Bundan başqa, mehmanxanada 200 nəfərlik "Xəmsə" restoranı, "Vitamin" bar da fəaliyyət göstərir. Burada dünyada qəbul edilən ən son standart sayılan "Opera otel" işlətmələri proqramı vardır.

Prezident İlham Əliyev müasir akustika sistemi ilə təchiz edilmiş konfrans zallarını gəzdi. Bildirildi ki, 220 nəfərlik "Kəpəz" konfrans zalında müasir informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən geniş istifadə olunmuşdur.

Dövlətimizin başçısı kompleksdə yaradılan iki prezident nömrəsindəki şəraitlə də tanış oldu. "Nizami" və "Cavadxan" adlandırılan nömrələrdə kabinet, üç yataq otağı vardır. Mehmanxananın 12-ci mərtəbəsində bar yerləşir, 11-ci mərtəbədə isə prezident nömrələri üçün ayrıca yemək otağı fəaliyyət göstərəcəkdir. Kompleksdə lüks, yarımlüks və standart olmaqla 181 nömrə vardır. Fərdi havalandırma sistemi ilə təchiz edilmiş otaqlarda peyk antenləri avadanlığı, internet xidməti və telefonlar quraşdırılmışdır. Mehmanxanada eyni vaxtda 280-320 nəfər qala bilər. Burada, həmçinin əlil qonaqların istirahəti üçün xüsusi otaqlar ayrılmışdır. VİP nömrələrə xidmət edən ayrıca restoran da vardır.

Prezident İlham Əliyev "Ay işığı" gecə klubu ilə də tanış oldu. Burada diskoteka, karaoke, bar fəaliyyət göstərəcəkdir.

Dövlətimizin başçısına məlumat verildi ki, kompleksin ümumi ərazisi 23 min 300 kvadratmetrdir. Ərazidə yaşıllaşdırma və abadlıq işləri görülmüşdür. Burada ikimərtəbəli 6 kottec, uşaq parkı vardır. Kompleksin ərazisində açıq hovuz yaradılmış, 280 nəfərlik yay kafesi fəaliyyət göstərir.

Qeyd olundu ki, hazırda mehmanxanada 180 nəfər çalışır. Gələcəkdə işçilərin sayının 200 nəfərə qədər artırılması nəzərdə tutulmuşdur.
Azərbaycan Prezidenti mehmanxana kompleksində görülən işləri yüksək qiymətləndirdi.

Xəbər lenti

Xəbər lenti