Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir. Müşavirədə Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunmuşdur. Məlumatı AzərTac Dövlət Informasiya Agentliyi yayıb.
Müşavirəni açan Prezident İlham Əliyev bildirmişdir ki, respublikamızda 40 rayonun ərazisində subasma halları baş vermiş, 20 min ev su altında qalmış, 300-dən çox ev uçmuş, 2000 ev qəzalı vəziyyətə düşmüş, 50 min hektar əkin və örüş sahəsini su basmışdır. Kürdə suyun səviyyəsinin kəskin şəkildə qalxması ilə əlaqədar mühafizə tədbirləri gücləndirilir, təbii fəlakətdən ziyan çəkən əhaliyə kömək göstərilir, onlar müvəqqəti məskunlaşdırılır və həmin şəxslərə müvafiq yardımlar edilir.
Prezident İlham Əliyev xüsusi vurğulamışdır ki, əgər Azərbaycan dövləti vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməsəydi, təbii fəlakətin nəticələri daha böyük və acınacaqlı olardı.
Dövlətimizin başçısı Kür çayı boyunca görülən mühafizə tədbirlərində iştirak edən qurumların və əhalinin əməyini yüksək qiymətləndirmiş, əlavə tədbirlər barədə tapşırıqlarını vernmişdir. Bundan başqa, Prezident İlham Əliyev yaxın iki il üçün kompleks tədbirlər planının hazırlanması və tezliklə əlavə texnikaların alınması barədə də tapşırıq vermişdir.
Dövlətimizin başçısı təbii fəlakətdən ziyan çəkən əhaliyə müvafiq kompensasiya ödəniləcəyini, onlara hərtərəfli kömək göstəriləcəyini və həmin şəxslərin sosial problemlərinin həll olunacağını bildirmişdir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Oqtay Şirəliyev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri İsmət Abasov, ekologiya və təbii ehtiyatlar naziri Hüseynqulu Bağırov Kürdə suyun səviyyəsinin qalxması ilə bağlı real vəziyyət və təbi fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar ətraflı məlumat vermişlər.
Prezident İlham Əliyev təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi və kompleks tədbirlər planının hazırlanmasının sürətləndirilməsi ilə bağlı tapşırıqlarını vermişdir.