...

Müxalifətin bloklaşma və vahid cəbhəsi anlayışı seçkilər üçün geridə qalmış məsələdir – Azərbaycanın müxalifət lideri

Siyasət Materials 19 İyun 2010 10:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalifət partiyasının sədri hesab edir ki, müxalifətin vahid cəbhədə birləşməsi parlament seçkiləri üçün köhnəlmiş məsələdir.

"Hesab edirəm ki, artıq bloklaşma və müxalifətin vahid cəbhəsi anlayışı bu seçkilər üçün geridə qalmış məsələdir. Bu prosesi bitmiş hesab etmək olar", - bunu şənbə günü Trend-ə müxalif Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.

Azərbaycanın müxalif partiyaları parlament seçkisi öncəsi bloklaşma və vahid mövqedən çıxış etmək barədə danışıqlara başlayıb. Bu günə qədər vahid qərar qəbul edilməyib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Ağazadənin sözlərinə görə, qalan zaman müddətində müxalifət cəmiyyətin ondan gözlədiyi vahidləşmə siyasətini gerçəkləşdirə bilməyəcək.

"Qalan zaman müddətində müxalifət cəmiyyətin ondan gözlədiyi vahidləşmə siyasətini gerçəkləşdirə bilməyəcək. Bunun seçkilərin nəticələrinə necə təsir edəcəyini indidən təsəvvür etmək mümkündür. Dinamizm aşağı düşəcək, iqtidar müxalifətin dağınıq və pərakəndə formada fəaliyyətindən istifadə edərək bildiyini edəcək və müşahidə missiyasındakı dağınıqlıq seçkilərin nəticələrinə ciddi təsir edəcək", - Ağazadə əlavə edib.

Ağazadə qeyd edib ki, Ümid Partiyasının seçki ərəfəsində hər hansı bir koalisiyada birləşməsi nəzərdə tutulmur.

"Geniş koalisiyanın bir yerdə olması ümumi ictimai-siyasi proseslərə təsir edən faktordan biri olmaqla yanaşı, həm də seçki proseslərinə dinamizm verəcəkdi. Əgər bu dinamizmi təşkil edə bilməyəcəyiksə, müxalifətin bütövlükdə geniş koalisiyasını yarada bilməyəcəyiksə, ayrı-ayrı partiyaların öz namizədlərini razılaşdırması faktiki olaraq partiyaların öz mənafelərini və namizədlərin mövqelərini möhkəmləndirmək cəhdindən başqa bir şey deyil. Bizim isə öz namizədimizin mövqeyini möhkəmləndirmək üçün hər hansı bir ikili və ya üçtərəfli danışıqlar aparmağa ehtiyac yoxdur", - Ağazadə əlavə edib.

Ümid Partiyası 1993-cü ildə təsis edilib. Partiyanın ilk sədri Əbülfət Əliyev olub. 2002-ci ildə partiya Vətəndaş Birliyi Partiyası (VBP) ilə birləşib. 2002-ci il dekabrın 15-də Ümid Partiyasının III Qurultayında partiyanın sədri İqbal Ağazadə seçilib.

Xəbər lenti

Xəbər lenti