Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Tariverdiyeva/
Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətindən çıxış edərək, təmas nöqtəsini internet-kommunikasiya vasitələri ilə qurmaq daha perspektivlidir. Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsinin dekanı Aleksey Vlasov belə hesab edir.
"Bu, perspektivdə Ermənistan və Azərbaycan cəmiyyətləri arasında inam dairəsinin genişləndirilməsinə imkan verər. Gənclər arasında daha tolerant mühitin və bir-birinə qarşı dözümlü münasibətin yaradılması mümkündür", - "panarmenian.net" agentliyinə müsahibəsində Vlasov bildirib.
"Aydındır ki, hər kəs öz mövqeyini müdafiə edəcək və onlar elə bunu etməlidirlər də. Lakin burada məqsəd artıq münaqişəyə səbəb olacaq həddi keçməməkdir", - o belə hesab edir.
"Azərbaycan və Ermənistan KİV-ləri arasında müsbət amillər var. Onlar informasiyanı sakit və düzgün qəbul edirlər. Məsələn, mənim "PanArmenian" və TREND agentliklərindən xoşum gəlir", - Vlasov qeyd edib.
Politoloqun sözlərinə görə, məhz belə obyektiv meydançaların sayəsində son nəticədə kompromis yaradılır.
"Şəxsi mövqelərini müdafiə etməyi öyrənmək lazımdır, qonşudan düşmən obrazı yaratmaq lazım deyil. Başqa sözlə, münaqişə erməni və azərbaycanlılar arasında nifrət deyil, dövlət səviyyəsində həll edilməlidir", - Vlasov bu fikirdədir.
Onun sözlərinə görə, qarşılıqlı fəaliyyətin genişləndirilməsinə istiqamətlənən istənilən minimal addımlar interner məkanında olmalıdır.
"Ermənistan və Azərbaycan gəncləri arasında ilk kommunikasiya saytı yaradılacağı və bu sayt qarşılıqlı ittihamlarla dolu olmayacağı təqdirdə, mən Dağlıq Qarabağ problemində ciddi irəliləyişin olduğunu deyəcəyəm", - politoloq qeyd edib.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı vasitəçilər hərdən özlərini "qu quşu, xərçəng və durnabalığı kimi" aparırlar, - Vlasov qeyd edib. - Ayrı-ayrılıqda onların hər biri sülh istəyirlər, lakin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını modelləşdirəndə, maraqların haçalanması effekti yaranır", - politoloq vurğulayıb.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun iş prosesi 15 ildən çoxdur ki davam edir. Lakin indiyədək nəzərəçarpacaq nəticə yoxdur.
"Mən Azərbaycan rəhbərliyini başa düşürəm. Belə ki, Madrid prinsipləri mövcuddur və tərəflər bununla bağlı mövqelərini dəqiq bildirməlidirlər, vasitəçilər isə onlara bu işdə kömək etməlidirlər", - o deyib.
Politoloqun sözlərinə görə, Vaşinqton hazırda Ermənistan-Türkiyə protokollarının iflasa uğramasından sonra çətin dövr yaşayır. Odur ki, amerkalılar indi "pauza götürüblər".
"İlham Əliyevin mövqeyi aydındır ki, pauza sonsuz davam edə bilməz və vasitəçilərin birgə addımları lazımdır", - Vlasov bildirib.