...

Azərbaycan Prezidenti Zaqatalada tütün emalı zavodunun açılışında iştirak edib

Siyasət Materials 8 İyul 2010 13:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də Zaqatalaya səfəri çərçivəsində, "İntertabako" MMC-nin tütün emalı zavodunun açılışında iştirak edib.
Azərbaycan Prezidenti Zaqatalada tütün emalı zavodunun açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də Zaqatalaya səfəri çərçivəsində, "İntertabako" MMC-nin tütün emalı zavodunun açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış oldu. Bildirildi ki, 2 hektardan çox ərazidə inşa olunan zavodun illik emal gücü 3300-3600 tondur. Müəssisədə tütün yarpaqları yenidən nəmləndirilir, didilir, qurudulur və zoğlardan təmizləndikdən sonra, uzunmüddətli saxlama imkanına malik xammal istehsal edilir. Hazırda zavodda 75 işçi çalışır, amma yaxın gələcəkdə onların sayının 100 nəfərə çatdırılması nəzərdə tutulub. Ərazisi 7800 kvadratmetr olan istehsal sahəsində tütün emalının bütün prosesi həyata keçirilir. Müəssisənin istehsal parametrləri təsdiqləyir ki, yaxın gələcəkdə sürətli emal prosesinə keçilməsi nəticəsində, zavod rəqabətədavamlı məhsullarını həm daxili, həm də xarici bazara çıxara biləcək.

Prezident İlham Əliyev müəssisəni işə saldı. Məlumat verildi ki, iqtisadiyyatında tütünçülüyün mühüm yer tutduğu Zaqatalada fəaliyyətə başlayan zavod rayonda kənd təsərrüfatının bu sahəsinin sürətli inkişafına şərait yaradacaq. Eyni zamanda, bu müəssisə ölkədə tütün sənayesinin daha da inkişafında mühüm əhəmiyyətə malikdir. Əgər 2007-ci ildə "İntertabako"nun xətti ilə Zaqatala, Qax və Şəki rayonlarında 102 hektar sahədə "Virciniya" növlü ətirli tütün əkilmişdisə, 2010-cu ildə əkin sahələri artırılaraq, 950 hektara çatdırılıb. Burada emal olunan tütün, əsasən, "Virciniya", qismən də "Berley" sortudur.

Dövlətimizin başçısı müəssisədə emal olunmuş tütün növlərinə baxdı, kollektivi təbrik etdi, onlara uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti