Avqustun 2-də Prezident Sarayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin arasında görüş keçirilib, - AzərTAc Dövlət Teleqraf Agentliyi xəbər verir.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə bu ilin yanvarında Bakıda keçirilmiş Humanitar Forumdan sonrakı müddətdə iki ölkənin mövcud strukturları arasındakı əlaqələr müzakirə edilib, həmin forumun gələcəkdə Beynəlxalq Humanitar Forum kimi mütəmadi surətdə təşkil olunması və keçirilməsi ilə bağlı iki ölkə prezidentlərinin təşəbbüsünə uyğun olaraq, bəzi təşkilati məsələlər və onların həyata keçirilmə detalları haqqında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı forumun hər ilin sentyabr ayında Bakı şəhərində, "Bakı Beynəlxalq Humanitar Forumu" adı ilə yaxın və uzaq xarici ölkələrdən dəvət olunmuş nüfuzlu elm, təhsil, mədəniyyət, incəsənət, ictimai-siyasi və digər nümayəndələrin iştirakı ilə keçirilməsi qərara alınıb.
Administrasiya rəhbərlərinin görüşündə Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin digər aktual məsələləri də müzakirə olunub və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı ümumi razılığa gəlinib.
Xüsusən, iki ölkə arasında ictimai-siyasi, iqtisadi, mədəniyyət, informasiya və s. sahələrdə ikitərəfli və çoxtərəfli məsələlərlə bağlı birgə və ortaq maraqlardan çıxış edərək, səmərəli qarşılıqlı fəaliyyətin formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.