...

Çexiya Azərbaycanı Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirməsində dəstəkləyir – səfir Radek Matula (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 21 Oktyabr 2010 18:36 (UTC +04:00)
Çexiyada "Şərq tərəfdaşlığı" təşəbbüsünün inkişafı və praktiki olaraq yerinə yetirilməsi daim müvafiq şəxslərin, o cümlədən Çexiya parlamenti nümayəndələrinin diqqət mərkəzindədir.
Çexiya Azərbaycanı Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirməsində dəstəkləyir – səfir Radek Matula (ƏLAVƏ OLUNUB)

RED. ƏLAVƏSİ: səfirin dedikləri və səkkizinci abzasdan sonra məlumat əlavə olunub

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Y.Ostapenko/

Çexiyada "Şərq tərəfdaşlığı" təşəbbüsünün inkişafı və praktiki olaraq yerinə yetirilməsi daim müvafiq şəxslərin, o cümlədən Çexiya parlamenti nümayəndələrinin diqqət mərkəzindədir. Bu barədə Çexiya Respublikasının Azərbaycandakı səfiri Radek Matula oktyabrın 28-də qeyd olunan Çexiya Respublikasının Müstəqilliyi Günü ərəfəsində Trend-ə müsahibəsində bildirib.

"Bakıda sentyabrın sonlarında Çexiya Senatının (Yuxarı palata) Avropa İttifaqı işləri komitəsinin nümayəndə heyəti Azərbaycan Milli Məclisindəki həmkarları ilə görüşüb. Nümayəndə heyətinə komitə sədri Ludek Sefziq rəhbərlik edib, - Matula deyib. - Danışıqların əsas mövzusu Aİ-nin "Şərq tərəfdaşlığı" təşəbbüsü ilə bağlı məsələlər olub. Çexiya ilk andan Azərbaycanı Aİ ilə öz münasibətlərini genişləndirməsi və dərinləşdirməsində dəstəkləyir".

"Şərq tərəfdaşlığı" Aİ-nin qonşuluq siyasəti çərçivəsində altı postsovet ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə əlaqələrinin yaxşılaşdırılmasına yönəldilmiş Polşa-İsveç təşəbbüsüdür. Layihə çərçivəsində Aİ tərəfindən göstərilən ölkələrə 2013-cü ilədək 600 milyon avro ayrılması nəzərdə tutulub ki, bu vəsait dövlət institutlarının möhkəmləndirilməsi, sərhədlərə nəzarət və kiçik şirkətlərə yardım göstərilməsi məqsədi daşıyır. "Şərq tərəfdaşlığı"nın təsis sammiti 2009-cu il mayın 7-də Praqada keçirilib.

Səfirin sözlərinə görə, Bakıda çex nümayəndə heyətinin görüşləri zamanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, Təbii ehtiyatlar, energetika və ekologiya, Təhlükəsizlik və müdafiə komitələrinin rəhbərləri, xarici işlər, iqtisadi inkişaf nazirlərinin müavinləri və Milli Məclisin sədri ilə hər iki tərəfin "Şərq tərəfdaşlığı"nın ayrı-ayrı sahələri və aspektləri üzrə mövqeləri, Çexiyanın Aİ-yə yaxınlaşma prosesi məqsədilə "know-how"nun ötürülməsi və təcrübə mübadiləsinin imkan və perspektivləri, müxtəlif sahələrdə qanunvericilik, standart və normaların unifikasiyası müzakirə olunub.

Səfirin sözlərinə görə, söhbət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, enerji məsələləri, eləcə də ikitərəfli əlaqələrin inkişafından gedib.

"Ümumilikdə, bu səfər hər iki tərəfin bir sıra sahələrdə mövqelərinin öyrənilməsi və anlaşılması baxımından çox vacib idi. Əminəm ki, bu, Çexiya ilə Azərbaycan arasında ikitərəfli, eləcə də hər şeydən əvvəl çoxtərəfli səviyyədə parlamentlərarası münasibətlərin gələcək inkişafına kömək edəcək", - Matula deyib.

Onun sözlərinə görə, parlamentlərarası əməkdaşlığın perspektivləri birmənalı olaraq yaxşıdır.

"Çex və azərbaycanlı parlamentarilərin (Çexiyada bu həm Senata, həm də Deputatlar Palatasına aiddir) dedikləri kimi, indiyədək keçirilən bütün danışıqlarda və parlamentlərimizin üzvlərinin görüşlərindəki gözəl atmosferi nəzərə alaraq, əminəm ki, parlamentlərarası əlaqələr bundan sonra da və daha böyük həcmdə qarşılıqlı münasibətlərimizin ayrılmaz hissəsini təşkil edəcək", - Matula bildirib.

Ötən ilin oktyabrında Azərbaycanla Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Sadalanan sahələrdə əməkdaşlığın reallaşdırılması üçün birgə komissiyaların yaradılması üzrə işlər aparılır.

"Layihə, demək olar, hazırdır. Hər iki tərəfdən komissiyanın həmsədrlərinin rəsmən təyin edilməsi, komissiya üzvlərinin müəyyən edilməsi və birgə komissiyalar haqqında əsasnamənin təsdiqlənəcəyi birinci iclasın tarixinin müəyyənləşdirilməsi qalır", - səfir deyib və işlərin ilin sonunadək başa çata biləcəyini qeyd edib.

Energetika

Səfir bildirib ki, Çexiya kimi ölkələr üçün enerjidaşıyıcıların şaxələndirilmiş resurslarına və onların öz ərazisinə çatdırılması yollarına malik olmaq son dərəcə vacibdir.

"Ona görə də Çexiya özünün Aİ-yə sədrliyi müddətində "Cənub dəhlizi" enerji layihəsinin həyata keçirilməsi üçün hər şey etməyə çalışdı", - o deyib.

"Cənub dəhlizi" "Nabukko", ITGI və TAP daxil olmaqla, bir necə qaz kəmərinin tikintisini, Xəzər qazının ixracının artırılmasını və bu yanacağın Aİ ölkələrinə tədarükü mənbələrinin şaxələndirilməsini nəzədə tutur. Səfir həm layihənin reallığına, həm də orada Azərbaycanın rolunun əvəzedilməz olduğuna inanır.

Dəyəri 7,9 milyard avro olan "Nabukko" qaz kəmərinin tikintisinin 2012-ci ildə başlanması nəzərdə tutulub. İlk tədarüklərə 2015-ci ildə start veriləcək. Kəmərin ilkin maksimum gücü ildə 31 milyard barel təşkil edəcək. Qaz kəməri Azərbaycan, Türkmənistan və İraqdan qazın tədarük olunmasına yönəlib.

"Interconnector Turkey-Greece-Italy" (ITGI) qaz kəmərinin planlaşdırılan buraxılış qabiliyyəti ildə 11,8 milyard kubmetr təşkil edir ki, bunun 3,6 milyard kubmetrini Yunanıstan, yerdə qalan hissəsini isə İtaliya almaq fikrindədir.

Birgə iqtisadi layihələr

İyunda Bakının Novxanı qəsəbəsində Çexiyanın "DESTILA Brno" şirkəti tərəfindən işə salınan Bakı-Praqa pivə zavodunun rəsmi açılışı keçirilib. Səfir pivə zavodunun açılışını və işini əməkdaşlığın yaxşı nümunəsi adlandırıb.

"Son üç həftə ərzində pivə zavoduna iki dəfə baş çəkmişəm, - Matula bildirib. - Əlbəttə, pivənin dadına baxdım və razı qaldım".

Plzen tipli çex pivəsinin istehsalında çex texnologiyalarından, reseptlərdən və Çexiyadan gətirilmiş xammallardan - maya, mayaotundan və s. istifadə olunur. Pivənin şüşə qablara doldurulması üçün avadanlıqları da Çexiyanın "PALI Chotěboř" şirkəti tədarük edib.

Bakı-Praqa pivə zavodu bu yaxınlarda Bakıda keçirilən "Caspian Agro" sərgisində təqdim olunub. Tamamilə çex texnologiyaları ilə çalışan pivə zavodunda istehsal olunan içki isə, səfirin sözlərinə görə, sərgiyə gələnlərdə böyük maraq doğurub.

"Əminəm ki, çex şirkətləri Azərbaycanın həm paytaxtında, həm də regionlarında daimi yer tutacaqlar", - səfir Matula qeyd edib.

Onun sözlərinə görə, çex şirkətləri və sahibkarların azərbaycanlı tərəfdaşlarına təklif etməli çox şey var.

Səfir qeyd edib ki, nəqliyyat vasitələri, inşaat və maşınqayırma avadanlıqları, şüşə, pivə kimi ənənəvi sahə və məhsullardan başqa, kənd təsərrüfatı məhsullarının emalı sahəsində də əməkdaşlıq imkanları mövcuddur.

"Söhbət birgə müəssisələrin açılışı və ya texnologiyaların kompleks tədarükü, yaxud tam hazır zavodlardan gedə bilər. Məsələn, konserv zavodları, qablaşdırma xətləri, pivə zavodları", - səfir deyib və qeyd edib ki, bütün sadalanan sahələr üzrə çex şirkətlərinin yaxşı təcrübəsi var.

Oktyabrın 27-də, Müstəqillik Günü ərəfəsində Bakıda Xəzər-Avropa İnvestisiya İşgüzar Klubunun (CEIBC), Çexiyanın Bakıdakı səfirliyinin və Çexiyanın MDB ölkələri ilə iqtisadi əməkdaşlıq palatasının təşkil etdiyi Çexiya-Azərbaycan biznes forumu keçiriləcək.

Səfir Matula bu biznes forumunda iştirak edəcək çex firmalarının hər iki tərəfə əlverişli olan əməkdaşlıq üçün tərəfdaşlar tapacağına əmin olduğunu bildirib.

Çexiya Respublikasının Müstəqilliyi Günü

Çexiya oktyabrın 28-də Müstəqillik Gününü - 1918-ci ildə Birinci Dünyamüharibəsindən sonra müstəqil Çexoslovakiyanın yaranması gününü qeyd edir. Siyasi dəyişikliklər sonralar Çexoslovakiyanın parçalanmasına və 1993-cü ildə indiki Çexiya Respublikasının yaranmasına gətirib çıxardı. Lakin indiki Çexiya özünü əvvəlki vahid dövlətin tarix və ənənələrinin varisi hesab edir və 28 oktyabr ölkə tarixinin ən mühüm günlərindən biri hesab edilir və çexlər tərəfindən geniş şəkildə bayram edilir.

Dövlət bayramı münasibətilə bütün ölkədə müxtəlif səviyyələrdə tədbirlər, konsertlər, sərgilər, təntənəli görüşlər, yürüşlər, hərbi texnikanın nümayişi, hərbi paradlar təşkil olunur.

Axşam Praqa Qradında keçirilən təntənəli mitinqə dövlət xadimləri, ölkə həyatının müxtəlif sahələrinin nümayəndələri, xarici dövlətlərin səfirləri toplaşır və respublika prezidenti müharibə veteranlarını, çex elminin, mədəniyyətinin, idmanının və s. tanınmış nümayəndələrini dövlət ordenləri ilə təltif edir.

Səfir qeyd edib ki, Bakıda bu tarxi gün bayram ziyafəti ilə qeyd olunacaq. Müstəqillik gününə həsr olunmuş biznes forumu ilə yanaşı, mədəni tədbirlərin keçirilməsi də planlaşdırılır.

Oktyabrın 29-da Çex Respublikası səfirliyində hər il Liditsedə keçirilən beynəlxalq uşaq sərgisində iştirak edən azərbaycanlı uşaqlarla görüş keçiriləcək. Sərgi İkinci Dünya müharibəsi zamanı öldürülən Liditse kəndinin sakinləri,eləcə də hərbi münaqişələr zamanı həlak olan uşaqların xatirəsini anmaq üçün 1967-ci ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti