Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir Т.Konyayeva/
Azərbaycanda parlament seçkiləri sakit və demokratik şəraitdə keçib, pozuntularla bağlı müraciətlər daxil olmayıb. Bu barədə bazar ertəsi Türkdilli Dövlətlərin Parlament Assambleyası (TürkPA) missiyasının müşahidənin yekunları üzrə mətbuat konfransında Qazaxıstan Parlamentinin deputatı Amangəldi Momışev deyib.
Onun sözlərinə görə, seçkilərə hazırlıq üzrə təbliğat işi lazımi səviyyədə keçirilib, beynəlxalq hüquqlara riayət olunub.
"Əminəm ki, Azərbaycan xalqı layiqli namizədlər seçib", - Momışev deyib.
TürkPA-nın beynəlxalq müşahidə missiyası noyabrın 5-dən başlayaraq Azərbaycanda iki gün ərzində monitorinq aparıb.
Nümayəndə heyətinin tərkibinə Qazaxıstan Parlamentindən üç nümayəndə, Türkiyə Parlamentindən beş deputat, həmçinin Türkiyə və Qazaxıstandan TürkPA-nın baş katibinin müavinləri daxil olub.
Noyabrın 7-də Azərbaycanda parlament seçkiləri keçirilib. Seçici fəallığı 50,14 faiz (2480205 seçici) təşkil edib. Bu barədə Trend-ə Azərbaycan MSK yanında "Seçkilər" İnformasiya Mərkəzindən məlumat verilib.
MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparıb.
Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.