...

Azərbaycanın müxalifət partiyalarının forumunda birgə mübarizənin perspektivləri müzakirə edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 14 Dekabr 2010 15:23 (UTC +04:00)

RED. əlav.: Altıncı abzasdan sonra müxalifət liderlərinin çıxışı əlavə olunub.

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalifət partiyalarının çərşənbə axşamı keçirilən forumunda birgə mübarizənin perspektivləri müzakirə edilib.

"Bugünkü forum bizim 80-ci illərdəki toplantılarımızı xatırladır. O vaxtlar müxtəlif məkanlarda, kinostudiyalarda, teatrlarda, bəzən də gizli yerlərdə toplaşırdıq. Bu cür hərəkətlərlə biz Azərbaycanın müstəqilliyini əldə etdik. Azərbaycanın müstəqilliyini əldə etmişik, lakin ərazi bütövlüyünü bərpa edə bilməmişik", - forumda çıxışı zamanı Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Qəmbər inanır ki, 14 dekabr tarixi Azərbaycan tarixinə yazılacaq bir gün ola bilər.

"Bu dəfəki forum yalnız seçkidə iştirak etmiş namizədlərin yox, cəmiyyətin müxtəlif nümayəndələrinin iştirakı ilə keçirilir. Çoxsaylı siyasətçilər və namizədlərlə yanaşı cəmiyyətin digər qisimlərinin nümayəndələri də iştirak edir" - o, deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu forumun Azərbaycan siyasətində köklü dəyişikliklərə səbəb ola biləcəyini deyib.

"Biz Konstitusiyanın bizə verdiyi imkandan istifadə edərək 300 min imza toplaya və konstitusiyaya dəyişikliklər təklif edə bilərik. Lakin bu, ayrı-ayrı təşkilatlar üçün görülə biləcək bir iş deyil. Bütün demokratik qüvvələr bir yerdə olarsa, bunu etmək mümkündür. Biz müxtəlif məsələləri müzakirə edib, ortaq sənədlərlə çıxış edə bilərik. Öz aramızda qarşılıqlı kompromislər vasitəsi ilə irəliləyə bilsək, dəyişikliklər edə bilərik", - Kərimli vurğulayıb.

Azərbaycanın müxalif Xalq Partiyasının lideri Pənah Hüseyn "Xalq Məclisinin" yaradılmasının vacib olduğunu bildirib.

"Xalq Məclisi" ictimai xarakter daşımalıdır. Bu cür praktika dünyanın bir çox ölkələrində mövcuddur", - Hüseyn çərşənbə axşamı müxalifət partiyalarının birgə keçirdiyi forumda bildirib.

Çıxış edənlər forumun təşkilatlanmasının vacib olduğunu vurğulayıblar və bunun üçün 80-ci illərdəki xalq hərəkatının nümunə olduğunu bildiriblər.

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki, xalq hərəkatını ideallaşdırmaq lazım deyil.

"Bir çoxları deyirlər ki, bugünkü partiyaların çoxu AXC-nin "şinelindən" çıxıb. Ancaq o "şineli" biz tikmişik və onun necə olduğunu bilirik. O zamanlarda müxtəlif fikirli insanlar var idi. Hərəkat müxtəlif fikirli insanların müzakirələri nəticəsində formalaşmışdı", - Qəmbər deyib.

AXCP sədri Əli Kərimli isə qeyd edib ki, hazırda forumun təşkilatlanması qarşıda duran əsas məqsədlərdəndir.

"Burada iştirak etməyən QHT nümayəndələrini və ziyalıları buraya dəvət etməyə çalışacağıq. Bizim aramızda yalnız fikir ayrılığı ola bilər, çalışmalıyıq ki, heç bir antoqanist fikirlər olmasın. Biz istəyirik ki, burada olan və olmayan nümayəndələrlə əsasnaməni formalaşdıraq və növbəti foruma təqdim edək. Biz konsensus arayışlarını davam etdirəcəyik. Yeni il ərəfəsində bütün təklifləri uzlaşdıracağıq və bu forumda görmək istədiyimiz digər şəxsləri də dəvət edəcəyik", - o, əlavə edib.

Forumun yekununda səsləndirilən bütün təkliflərin uzlaşdırılması və növbəti iclasda forumun əsasnaməsinin və gələcək fəaliyyət istiqamətinin müəyyənləşdirilməsinin müzakirəyə çıxarılması qərara alınıb.

Azərbaycan Xalq Cəbhəsi Milli Azadlıq Hərəkatı zamanı gizli şəkildə 1989-cu ildə təsis olunub. Partiya kimi 1995-ci ildə qeydiyyatdan keçib. Partiya sədri Əbülfəz Elçibəyin vəfatından sonra ideoloji səbəblərdən partiya iki hissəyə - Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qollarına bölünüb.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan sovet qoşunları tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyasının fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb.

1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik, liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti