Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ərsəyə gətirdiyi və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun redaktorluğu ilə işıq üzü görən "İnkişafın Azərbaycan modeli" kitabının "Sosial inkişaf və güclü iqtisadiyyat kontekstində" adlı ictimai müzakirəsi keçirilib.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi tərəfindən təşkil edilən tədbirdə təşkilatın sədri Rufiz Qonaqov kitab barədə məlumat verib. Bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişaf modelinin elmi-nəzəri əsaslarının işlənib hazırlanması, bu istiqamətdə geniş tədqiqat işlərinin aparılması günün vacib tələblərindən biridir.
"İnkişafın Azərbaycan modeli" kitabının ideyasının və ön sözünün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Ramiz Mehdiyevdir. Kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Əməkdar jurnalist Bəxtiyar Sadıqovdur.
Kitab ön söz və üç fəsildən ibarətdir. Burada son 17 ildə Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan islahatlar milli inkişaf modelini səciyyələndirən məsələlər kimi önə çəkilir. 1994-2009-cu illərdə iqtisadi sahədə keçid dövrünü təmin edən əsas sosial-iqtisadi hadisələrə, ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən verilən sərəncam və fərmanlara, təsdiq olunan dövlət proqramlarına, digər qanunvericilik aktlarına nəzər salınır, əldə olunan nailiyyətlərin
xronologiyasına diqqət yetirilir. İqtisadi keçid dövrünü başa vuran Azərbaycanda əvvəlki sosial-iqtisadi münasibətlərin, institutların bazar iqtisadiyyatına uyğun olaraq transformasiyası, islah olunması, yenilərinin formalaşması prosesinə nəzər salınır.
Milli QHT Forumunun rəhbəri Rauf Zeyni çıxışında bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyada mövcud olan iqtisadi modellərdən hansının seçilməsi ciddi məsələ idi.
"Dünyada bir çox iqtisadi modellərin olmasına baxmayaraq, ümummilli lider Heydər
Əliyev tərəfindən iqtisadiyyatın Azərbaycan modeli yaradıldı, onun həyata keçirilməsi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Beynəlxalq təşkilatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etməsini qeyd edirlər", - Zeyni bildirib.
O qeyd edib ki, Azərbaycanın iqtisadi inkişaf modeli ölçülüb biçilimiş, Azərbaycanın milli məfkurəsinə cavab verən modeldir.
Milli məclisin deputatı Yevda Abramov tədbirdə bildirib ki, bu gün Azərbaycan özünün inkişaf modeli ilə bundan sonra bazar iqtisadiyyatı yolu keçəcək ölkələr üçün bir nümumədir.
"Sovet İttifaqından ayrılan bütün respublikalar bazar iqtisadiyyatını seçdilər, lakin Azərbaycanda bu keçid zamanı qarşıda çox problemlər dururdu - ölkə iqtisadiyyatı çoxprofilli idi, qonşu ölkələrin təbii sərvətlərimizi əldə etmək niyyətləri var idi", - Abramov bildirib. Onun sözlərinə görə, Azərbaycanın uğurlu iqtisadiyyatının həyata keçirilməsinin əsasında neft gəlirlərindən düzgün istifadə durur.
Millət vəkili Gülər Əhmədova Avropa İttifaqının Azərbaycana qarşı son bəyanatını qınayıb və qeyd edib ki, Aİ Azərbaycanda son illər həyata keçirilən iqtisadi inkişafı görmür. Amma Azərbaycanla bağlı olmayan hadisələr qabardılır və ölkənin əleyhinə təbliğat aparılır. Deputat deyib ki, bu kitabdakı faktlar Azərbaycana qarşı dostcasına deyilməyən fikirlərə qarşı yetərli cavabdır. O deyib ki, Azərbaycanda islahatlar hər zaman sürətli aparılıb və
uğurla nəticələnib.
Əhmədovanın sözlərinə görə, Azərbaycanda həyata keçirilən islahatlar ətraflı şəkildə, ardıcıllıqla bu kitabda əksini tapıb.
Deputatlar Çingiz Qənizadə, Fazil Mustafa kitabda əksini tapan məsələlərin əhəmiyyətindən danışıblar.