...

Azərbaycan Prezidentinin köməkçisi Vahid Əliyev: İqtisadi potensial, hərbi güc və şəxsi heyətin yüksək döyüş əhval-ruhiyyəsi qələbəmizə zəmanət verir! (MÜSAHİBƏ)

Siyasət Materials 23 İyun 2011 11:22 (UTC +04:00)
Azərbaycan Prezidentinin köməkçisi Vahid Əliyev: İqtisadi potensial, hərbi güc və şəxsi heyətin yüksək döyüş əhval-ruhiyyəsi qələbəmizə zəmanət verir! (MÜSAHİBƏ)
Azərbaycan Prezidentinin köməkçisi Vahid Əliyev: İqtisadi potensial, hərbi güc və şəxsi heyətin yüksək döyüş əhval-ruhiyyəsi qələbəmizə zəmanət verir! (MÜSAHİBƏ)

Аzərbaycan, Bakı, 23 iyun /Trend, müxbir P.Kəsəmənski/

Trend-in Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyevlə 26 iyun - Azərbaycan Silahlı Qüvvələr Günü ərəfəsində müsahibəsi

- Salam. Bizim son görüşümüzdən bir il keçib və Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə müsahibələr xoş ənənəyə çevrilib. İcazə verin, Sizi bayram münasibətilə təbrik edim və uğurlar arzulayım.

- Salam. Mən də öz növbəmdə Silahlı Qüvvələrin bütün veteranlarını, hərbi qulluqçuları, hərbi xidmətdə olanları və ümumiyyətlə, başda Ali Baş Komandan olmaqla Azərbaycan Silahlı Qüvvələrinin quruculuğuna və inkişafına töhfə verən və verməkdə olan hər bir kəsi təbrik etmək istəyirəm.

- Ötən il ərzində Azərbaycan Ordusunda hansı dəyişikliklər baş verib?

- 1991-ci ildə bərpa edilən və 1993-cü ildən ümummilli lider Heydər Əliyevin mərdliyi, nüfuzu, sarsılmaz iradəsi sayəsində inkişaf etməyə başlayan ordumuz bu gün Ali Baş Komandanın rəhbərliyi altında müasir tələblərə və qəbul edilən Hərbi Doktrinaya uyğun inkişaf edir. Bu həm silahlanmaya və hərbi hazırlığa, həm ordunun təchizatına, həm də onun mənəvi ruhuna aiddir. Təcrübədə bu, sizin müşahidə edə biləcəyiniz birgə təlimlərdə nümayiş etdirilir, bu il isə hamınız bunu paradda görəcəksiniz. Bütün bu illər ərzində biz elə silahlı qüvvəllər yaratmışıq ki, hər bir hərbi qulluqçu lazım olan anda nəyi necə etməyi dəqiq bilir. Bizim fəxr edəcəyimiz şeylər var, mən bizim Silahlı Qüvvələrimizi nəzərdə tuturam. Biz işğal olunmuş ərazilərimizin azad edilməsinə tam hazırıq, hər yeni gün isə silahlarımızı və hazırlığımızı daha da təkmilləşdiririk ki, hərbi əməliyyatlar aparılan zaman canlı qüvvədə itkilərimizi maksimal dərəcədə azaldaq.

Bizim Silahlı Qüvvələrimizin tərkib hissələri - Quru Qoşunlar, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, eləcə də Sərhəd Qoşunları, DİN-in Daxili Qoşunları, FHN-in Mülki Müdafiə Qoşunları kimi digər hərbi birləşmələr keyfiyyətcə yeni yüksək səviyyəyə çıxaraq ən azından regionumuzda heç nə ilə müqayisə edilməzdir.

- Silahlı Qüvvələrin quruculuğu işində hansı problemləri görürsünüz?

- Dövlət miqyasında Silahlı Qüvvələrin quruculuğu işində heç bir problem yoxdur. Biz ordunun artmaqda olan tələbatlarını ödəməyə qadirik. Yerlərdə problemlər olur. Orada həm obyektiv, həm də subyektiv faktorlar var və bu da Ali Baş Komandanın gündəlik nəzarəti altındadır. Nəyə operativ reaksiya verilməlidirsə, ona da operativ reaksiya verilir, bəzi şeylər isə vaxt tələb edir.

Prezidentin tapşırığı ilə mən Novruz bayramı günlərində bütün cəbhə bölgəsini gəzdim, ön cəbhədə oldum və təbii ki, digər məsələlərlə yanaşı, hərbi qulluqçuların problemləri ilə də maraqlandım. Məruzələrin ümumiliyinə görə, mən öz məruzəmi, Müdafiə Nazirliyi rəhbərliyinin məruzələrini, yerlərdəki məruzələri və digərlərini nəzərdə tuturam, indi Ali Baş Komandanın qərarı ilə bu problemlərin həlli ilə bağlı proqram hazırlanıb. Bizim məqsədimiz problemləri maksimum azaltmaqdır və biz təcrübədə bunu həyata keçirməyə qadirik. Ən ağrılı mövzu əlbəttə ki, hərbi qulluqçular arasında ölüm hallarıdır və bizim məqsədimiz şəxsi heyət arasında itkiləri sıfıra endirməkdir.

Lakin ümumilikdə mənim cəbhə bölgəsinə səfərimdən çıxardığım ümumi nəticə budur - sizin sakitliyiniz və qələbələrə inamınız bizim əsgərlərin, çavuşların, gizirlərin və zabitlərin etibarlı əllərindədir və mən bir daha Prezident və vətəndaşlarımızı buna əmin etmək istəyirəm.

İstərdim ki, KİV mövzusuna və ordudakı hadisələrin işıqlandırılmasına toxunum. Başa düşmək lazımdır ki, ordumuz hər birimizin ordusudur, ordu siyasətdən kənar qurulan strukturdur və ordudakı hadisələri işıqlandıran zaman daha məsuliyyətli olmaq lazımdır.

- Cənab general-leytenant, ön cəbhədən həyəcanlı xəbərlər gəlməkdə davam edir...

- Təəssüf ki, elədir. Və bu, bilavasitə onun nəticəsidir ki, təcavüzkar cəzalandırılmayıb... Bir neçə səbəbə görə cəzalandırılmayıb və bu, ona tərəflərin təmas xəttində təxribatları davam etdirməyə imkan verir.

- Snayperlərin ön cəbhədən geri çəkilməsi ilə bağlı xeyli səs-küy olub.

- Heç nədən xeyli səs-küy olub. Ümumiyyətlə, qeyd etməliyəm ki, riyakarlıq və saxtakarlıqda onların tayı-bərabəri yoxdur. Bu, təkcə snayperlərin geri çəkilməsi ilə bağlı təkliflərə deyil, həm də toxunmaq istədiyim digər amillərə aiddir.

Snayperlərin geri çəkilməsinə gəldikdə, zahirən bunu "gözəl", əslində isə Ermənistanın avantürist təklifini dəstəkləyənlərə hörmətlə yanaşaraq onlara bunu demək istərdim: Ermənistan tərəfi snayperləri geri çəkməyi, biz isə qoşunları geri çəkməyi təklif edirik. Hansı yaxşıdır? Hansı sülhpərvərdir? Hansı doğrudur? Nə üçün hörmətli cənablar hətta bu təkliflər arasında bərabərlik işarəsini belə, qoymurlar, açıq-aydın bu natamam təklifi, hətta onu natamam adlandırmağa da adamın dili gəlmir, dəstəkləyirlər, bizim təklifimizi isə unudurlar.

Necə yəni, gəlin, snayperləri geri çəkək? Tamamilə yoxlanılmamış, gülməli təklifdir. Elə təəssürat yaranır ki, bunu təklif edənlərin insanların nə səbəbdən öldürüləcəyi heç veclərinə də deyil. İnsanın bədənindən gülləni çıxarsaq, onu necə müəyyənləşdirmək olar ki, bunu snayper atıb və ya adi atıcı? Bəlkə bu naqafil güllədir? Nə üçün qumbaraatanlar, pulemyotçular və ya adi atıcılar geri çəkilməsin?

Bu "təklif" ətrafında bütün səs-küylər ona hesablanmışdı ki, səlahiyyətlərinə istənilən sülhpərvər təkliflərin dəstəklənməsinin daxil olduğu beynəlxalq təşkilatların rəhbərləri növbəti dəfə birağızdan "dünyaya sülh" şüarını deyəcəklər. Bəli, əlbəttə ki, dünyaya sülh! Kim buna müqavimət göstərə bilər?... Lakin nəzərə almaq lazımdır ki, birincisi, təcavüzkar tərəfdən "dünyaya sülh"ün səslənməsi Çikotilo kimi silsilə vəhşiliklər törədənlərin dilindən "mən qadınları sevirəm" səslənsəydi, ondan da artıq hörmətsizlik kimi çıxardı. İkincisi, Ermənistan tərəfi bu "təkliflə" əslində daha qeyri orijinalını demək istəyirdi - gəlin, Azərbaycan tərəfdən müasir atıcı silahları yığışdıraq. Bunu deməyin özü gülünc olduğuna görə, onlar daha "orijinalını" - gəlin, snayperləri yığışdıraq - fikirləşiblər.

Ermənistanın ön cəbhədən müasir silahları yığışdırmaq barədə təklifinə biz konkret olaraq "yox" deyirik. Çünki onlar təcavüzü dayandırmırlar, onlar cəzalandırılmadıqlarına görə təxribat törətməkdə davam edirlər və bundan sonra elə cavablar alacaqlar ki, bu vaxta qədər heç yuxularında da görməyiblər. Bizim Prezident çox dəqiq qeyd edib ki, Qarabağ problemi həll edilməyincə, Ermənistan qorxu içində yaşayacaq. Bu belədir. Diqqət yetirmisinizsə, "Avrovision"da bizim qələbəmizə onların birinci reaksiyalardan biri, əlbəttə ki, öz kinlərini saxlaya bilmədikdən sonra, o oldu ki, sevindilər - ən azı bir il müharibə olmayacaq... Necə deyərlər - şərhsiz.

Snayperlərin geri çəkilməsi ilə bağlı deyilənləri tamamlayaraq qədim Şərq atalar sözünü xatırlatmaq istərdim: halva-halva deməklə ağız şirin olmur. Odur ki, snayperlərin geri çəkilməsi "halva" deməkdir, bizim təcavüzkarın - işğalçının qoşunlarının geri çəkilməsi ilə bağlı təklifimiz isə nəhayət ki, "halvanı yemək" deməkdir.

Yaxud da digər nümunə: diqqət yetirin, diplomatlarımız müxtəlif beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsini qaldıran kimi Ermənistan tərəfi necə hay-küy salır. Bütün bunlar nə ilə bağlıdır? Onunla bağlıdır ki, onların mövqeyi iflasa uğrayır, onlar haqlı deyillər və hər dəfə onları buna görə "sancanda" onlara xoş olmur. Əgər haqlısansa, onda bunun harada müzakirə olunması sənin vecinə olmamalıdır, əksinə, sən bu müzakirələrdə maraqlı olacaqsan. Bununla bu məsələlərin beynəlxalq birliyin bütün səviyyələrində irəliləməsində bizim fəallığımız izah edilir. Çünki biz haqlıyıq, bizim itirəsi heç nəyimiz yoxdur və biz yaranan ədalətsiz vəziyyəti dinc yolla həll etmək istəyirik. Burada isə onlar hay-küy qaldıraraq, həmişə Minsk qrupuna istinad edirlər, guya ki, bu, onun işinə mane olur. Açıq-aydın demoqoqiya və boş boğazlıqdır. Nə üçün mane olur, nə ilə mane olur, axı, bu, ümumiyyətlə necə mane ola bilər? Bu, kömək edə bilər, mane ola bilməz... Lakin onlara vaxtı uzatmaq sərf edir, buna görə də danışıqların sürətləndirilməsi, onların ya tualetə qaçmaqla və oradan qayıtmamaqla, ya da digər sirklə başa çatır. "Onlar" deyəndə mən Ermənistan rəhbərliyini nəzərdə tuturam. Tam aydındır ki, onların məqsədi məsələnin həll edilməsi, Ermənistanın çiçəklənməsi deyil, onlara öz vəzifələrində maksimum müddət ərzində əyləşmək lazımdır. Ölkənin uçuruma getməsi, insanların dilənçilikdən, çıxılmaz vəziyyətə görə qaçması onların veclərinə deyil. Onlara əsas odur ki, yerlərində otursunlar, nəyin bahasına olursa-olsun, otursunlar. Onlar müharibəyə başlayıblar və hakimiyyətə müharibə dalğasında gəliblər, buna görə də əslində bu hakimiyyət müharibə hakimiyyətidir. Əvvəlcə onlar azərbaycanlıları öldürüblər, sonradan isə seçkilərdə öz vətəndaşlarını gülləbəran etməkdən də çəkinməyiblər.

Başa düşmək lazımdır ki, vətəndaşlarımızın, o cümlədən uşaq, qadın və qocaların qanına bais olanlarla bizim danışıqlar aparmağımız faktı tərəfimizdən böyük kompromisdir.

- Onda nə üçün biz onlarla danışırıq?

- Mən əsasən iki səbəb görürəm.

Birincisi - bizim Prezidentimiz hər bir hərbi qulluqçunun ölümünü qəlbinin dərinliyindən keçirir. Hər birinin. O çox humanist, qurucu, yaradıcı şəxsdir. Aydındır ki, açıq hərbi əməliyyatlar başlayanda tələfat daha çox olacaq. Danışıqlar istənilən halda bizim gənclərimizin həlak olmasından yaxşıdır. Lakin aydındır ki, bu, əbədi olaraq davam edə bilməz. Həm də ki, bu uzandıqca, əhalinin əhval-ruhiyyəsi daha da mübarizləşir. İnsanlar gözləməkdən, bu münaqişənin dinc yolla həll ediləcəyinə ümid etməkdən yorulublar. Lakin müharibə ən axırıncı variantdır və ona əl atmaq həmişə olar və "Avrovision"un buna dəxli yoxdur. Həm də dediyim kimi, biz daima Silahlı Qüvvələrimizi ən müasir tələblərə uyğun gücləndiririk. Biz müharibəyə nə qədər çox hazırlaşırıqsa, bir o qədər güclü oluruq.

İkincisi, bunlar Ermənistan xalqının "seçdiyi" prezidentlərdir. Bunun qanuni və ya qanunsuz olması onların problemidir, lakin onlar prezidentlərdir və buna görə də biz onlarla danışmağa məcburuq.

- Ermənistan tərəfi də əllərini sallayıb oturmur... Yeni hava limanı tikiblər.

- (Gülür) "Yeni" hava limanı ətrafında bütün bu həngamə sadəcə olaraq piar-kampaniyadır.

Ondan başlayaq ki, köhnə Xocalı aeroportunu təmir etmək, bir az uçuş zolağını genişləndirmək və bu halda daha yaxşı, təhlükəsiz, güclü etməməklə onu yalnız sağlam olmayan beyin "yeni" adlandıra bilər. Xocalı aeroportunun xarakteristikası ilə bağlı bu məsələdə mən daha dərinə getmək istəmirəm, halbuki deyiləsi söz var... Sadəcə olaraq, mənə inanın ki, hava limanı onlara heç bir praktik və ya ondanda əzəmətli "stratejilik" verməyəcək. Bu, təhlükəsiz aeroport deyil. Onlar orada baş verə biləcək qəzaları bizim üstümüzə də atacaqlar. Bundan başqa, hətta bu aeroport onlara qüvvə və vasitələrin daşınması baxımından hansısa praktiklik versə belə, inanın ki, bizim texnika və silahlarla bu aeroportu sıradan çıxarmaq bir neçə dəqiqənin işidir.

Və bu mövzu ilə bağlı sonuncusu. Hazırda orada tikilən nə varsa, hətta bu, təhlükəsiz aeroport olsa da, sabah bu, bizim onsuz da Dağlıq Qarabağ regionunun inkişafına yatıracağımız pula qənaət etməyimizdir.

Buna görə də digər ölkələrin hesabına və ya onların Avropa, ABŞ üzrə "rəhbərləri"nin ilbəil "dilənçilikləri" hesabına tikilənlərın hamısına sevinmək lazımdır. Dəhşətdir... Müxtəlif növ dilənçilərə rast gəlinib, lakin bu səviyyədə çox həqarətedicidir. Özləri bu vəziyyətə gəlib çıxıblar və hələ Qarabağı da özləri ilə uçuruma aparırlar, axı bu yaxınlaradək bu ərazi çiçəklənən, cənnət məkan olub, həyat qaynayıb... Amma indi onların keçmiş "rəhbərlərindən" heç biri orada yaşamaq üçün qalmır... Maraqlıdır, bu məsələdə də biz təqsirkarıq? Odur ki, onlar tikidiklərini onların yalanlarına aldanaraq vəsaitlərini qurban verənlərə geri qaytarmayacaqlar ki. Bunların hamısı bizə qalacaq və vəsaitlərimizə qənaət edəcəyik.

Yaxud da onların dünyanı barmaqlarına "sarımaq" istədiklərinə daha bir nümunə - qondarma "erməni soyqırımı" məsələsi. Həmin vəziyyət: Türkiyə onlara deyir, gəlin, arxivləri açaq, müzakirə edək, onlar isə "yox" deyirlər... Nə üçün? Çünki onlar haqlı deyillər və onların yenidən ağızlarından vuracaqlar. Haqlı olanda heç kim heç bir müzakirədən qorxmur, onlar isə qorxurlar, həm də bütün səviyyələrdə - Ermənistan rəhbərliyindən tutmuş diasporun bütün təbəqələrinədək. Elə təəssürat yaranır ki, bu arqumentdən məhrum olarlarsa, onlar rifahdan məhrum olacaqlar. Çox güman ki, bu belədir, çünki onlar hər il "erməni soyqırımı" adı altında şou təşkil edərək maddi, siyasi dividendlər qazanmağa ümid edirlər. Və görmək xoş deyil ki, hansısa maraqlara görə bəzi xarici siyasi qüvvələr bəzən ədaləti, mənəviyyatı, öz ölkələrinin maraqlarını unudaraq bu üzdəniraq ideoloqlara uyurlar.

Göz qabağında olan açıq-aşkar şeyi görmürlər ki, müharibə gedib, Çar Rusiyası və Avropa müttəfiqləri hesabına yaradılan erməni birləşmələri bəzi cəbhələrdə uğurlar da qazanıb, lakin heç kimin ağlına gəlməz ki, bunu Osmanlı İmperiyasının tənəzzülündə türklərin soyqırımı adlandırsın. Heç kim fikirləşmir ki, ideoloqların göstərdikləri qurbanların sayı sadəcə olaraq saxtakarlığına görə nəhəngdir, təyinatına görə dəhşətlidir. Çünki onlar insan faciəsində piar yaradırlar... Dəhşətlidir sadəcə olaraq ona görə ki, bu sayda erməni orada faktiki yaşaya bilməzdi.

Onlar güclü diasporlarının bütün dünyaya səpələnməsinin "soyqırım"ın nəticəsi olduğunu deyəndə, adam təəcüblənməyə bilmir... Ona görə təəcüblənməyə bilmirsən ki, təsəvvür etməyə başlayırsan: necə hadisələr olmalı idi ki, insanlar okeanları üzsünlər, qitələri keçsinlər və Türkiyədən Avstraliya, Argentina, ABŞ, Kanada və Fransaya gedib çatsınlar. Nəyə görə Somali və Nigeriyada "xilas olan" ermənilər haqqında heç nə demirlər... Yaxşı yaşamaq istəyi normal istəkdir, buna görə heç kim heç kimi qınamır, lakin bunu Türkiyə və Ermənistan xalqlarının Birinci Dünya müharibəsi zamanı tarixlərində olan faciəli hadisələrin arxasında gizlətmək qeyri-normaldır.

Dünyada ümumi qəbul edilmiş bir soyqırım var - bu, yəhudilərə qarşı faşist rejimi tərəfindən törədilən soyqırımdır. Bu, o hökumətin öz millətinin digərləri üzərində üstünlüyü və yəhudilərin məhv edilməsi ilə bağlı siyasəti olub. Lakin heç kim tərəfindən tanınmayan ikinci soyqırım - ermənilərin türklərə qarşı törətdiyi soyqırım da var. Elə həmin əlamətlər - öz millətinin digər millət üzərində üstünlüyü və türklərin məhv edilməsi. Və bu danılmaz faktdır: Ermənistan dövlətində bunu təcrübədə həyata keçiriblər və təkcə türklərə qarşı deyil... Birinci Dünya müharibəsi zamanı Osmanlı Türkiyəsində baş verən hadisələr, 1918-ci ildən Bakı, Şamaxı, Quba, Naxçıvan, Zəngəzurda və Xocalıda soyqırım aktınadək baş verən faciəli hadisələr bunların yalnız inildəyən faktlarıdır.

Yeri gəlmişkən, ermənilər özləri soyqırım mövzusu haqqında fikir yürüdəndə tez-tez etiraf edirlər ki, çox şeyi yəhudilərdən nümunə götürürlər... Onlara xatırlatmaq istərdim ki, müəyyən bir şeyin surəti həmişə orijinaldan pis olacaq.

Ermənistanın özü, xüsusilə də diaspor hər yerdə türklərə və ümumiyyətlə, bütün türk dünyasına qarşı nifrət oyatmağa çalışırlar. Bütün dünya Türkiyəyə - kimi istirahətə, kimi səyahətə, kimi bizneslə əlaqədar gedir və hamı orada olanları, xüsusilə də xalqı görür və hər şeyə heyran qalır, onlar isə hamıya bunun əksini sübut etməyə çalışırlar. Kimi və nə üçün aldadırlar? Aydındır ki, diaspora fikir yürütmək xüsusilə asandır - axı, onlar Ermənistanda yaşayan ermənilərin şəraitində yaşamırlar, onların uşaqları döyüşüb həlak olmayacaq, yaxud da sadəcə olaraq səngərdə oturmayacaq. Yəni onlar Ermənistan ermənilərini öz maraqlarının girovuna çeviriblər. Axı, istənilən normal insanı nə qədər qorxutsan da, onun dostu, qohumu desə ki, Türkiyədə yaxşıdır, təhlükəsizdir və firavanlıqdır, onu heç nə ilə dayandırmaq olmaz. Buna görə də onlar Türkiyəyə miqrasiyalarına davam edərək öz rəhbərlərinə və diaspora "yox" deyirlər.

Ermənistan rəhbərliyi ölkəni elə vəziyyətə gətirib çıxarıb ki, indi onun dünyada analoqu yoxdur. Dünya ictimaiyyəti aydın olmayan səbəblərə görə buna göz yumur. Dünyada elə bir ölkə yoxdur ki, orada başqa xalqların nümayəndələri, hətta qonşu ölkələrin nümayəndələri yaşamasın. Belə ölkə yoxdur. Nümunə üçün uzağa getmək lazım deyil. Gəlin, Ermənistanın həmsərhəd olduğu ölkələrə - Azərbaycan, Türkiyə, İran və Gürcüstana baxaq. Diqqət yetirin, həm Azərbaycanda, həm Türkiyədə, həm İranda, həm də Gürcüstanda ermənilər yaşayır, özü də çoxlu sayda. İndi baxaq görək, Ermənistanda həmsərhəd ölkələrin, xalqların nümayəndələri yaşayırmı? Yox, bir daha yox. Bu təəccüblüdür. Misli olmayan hadisədir. Və ümumiyyətlə gürcülər, türklər, farslar, azərbaycanlılar öz ölkələrində bir-birilərinin aralarında, xüsusilə sərhədyanı yerlərdə, həmçinin bütün ərazilərdə qarışıblar... Bu, tamamilə dünyanın bütün ölkələri üçün səciyyəvidir... Hamı üçün, təkcə Ermənistandan başqa. Cəfəngiyat. Məgər bunu bütün dünyada görmürlər? Mənə keçmiş Sovet İttifaqı məkanında rusların yaşamadığı ikinci belə ölkənin adını deyin. Ermənistandan başqa belə ölkə yoxdur! Ermənistan rəhbərlərinin milliyyətçi siyasətinə sübutu üçün daha nə lazımdır? Onlar yüksək tribunalardan erməni fobiyası haqqında danışmaqda davam edir, guya müharibəni qızışdıraraq tam etnik təmizləmə aparana, öz torpaqlarında Azərbaycanın hər yeddi vətəndaşından birini qaçqına çevirənə və inadkarlıqla işğalı davam etdirən təcavüzkara təmkinlə yanaşmaq olar. Bu halda qeyd edilməlidir ki, elə həmin yüksək tribunalarda deməyi unudurlar ki, onlarda hamıya qarşı fobiya var. Yalnız 1918-ci ildə Qafqazın xəritəsində bu yerdə Ermənistan kimi ölkə yaranandan sonra, o ərazi monoetnik olub. Müstəqillik elan edildikdən sonra onlar bu işdə digər xalqların yaşaması üzərində böyük, yağlı nöqtə qoydular. Bax buna görə də belə nitqlər eşidilir, yəni ümumi boşluq nəticəsində hazırda Cənubi Qafqazda faşistlərə məxsus - öz millətinin digər millətlər üzərində üstünlüyü ideologiyasına malik dövlət var. Bu səbəbdən oranı ermənilərdən başqa, bütün millətlərin nümayəndələri, eləcə də ədalət naminə qeyd etməliyik ki, belə cəmiyyətdə yaşaya bilməyən erməni millətinin nümayəndələri də tərk ediblər. Daha çoxu gedə bilərdi, lakin çoxlarının imkanları yoxdur. Bu, millət kimi ermənilərə deyil, məhz dövlətə aiddir, çünki ermənilərin özü erməniçilikdən kənar yaşaya bilməsələr də, başqa xalqların içində yaşaya bilirlər.

Bu böyük problemdir. Problem ondadır ki, insanların gözləri açılanda anlayacaqlar ki, onlar da digərləri kimi eyni insanlardır və bu milliyyətçi cəmiyyətin mənən sınmasına gətirib çıxaracaq. Bəlkə də bu qorxulu deyil, tarixdə rəhbərlərin öz cəmiyyətlərini xəstə ideologiya ilə zəhərlədiyi belə presedentlər olub. Məsələn, faşist Almaniyası və ya sosialist Sovet İttifaqı. Bunun hansı faciə və dramlarla bitdiyini hamı gözəl xatırlayır. Nəyə görə hamının birlikdə, o cümlədən həmsədr ölkələrdə növbəti dəfə eyni səhvi təkrar etmələri, düzünü desəm, mənə aydın deyil. Daha doğrusu, qismən aydındır... Bəzilərində pul, seçkilər, diaspor, hərbi baza və onu mümkün qədər çox saxlamaq istəyi, digərlərində Ermənistanda öz təsirini şirin vədlər hesabına artırmaqdır. Bəs öz dövlətinin maraqları necə olsun? Bəs ümumbəşəri dəyərlər? Gələcək üçün məsuliyyət? Və ən başlıcası ədalət?

- Tez-tez Ermənistanın rəsmi şəxsləri sual edirlər - biz dünya ictimaiyyətinə müraciət etməkdən yorulmamışıq?

- Onlar bizə minnətdar olmalı və sevinməlidirlər ki, biz məsələni başqa cür deyil, məhz belə həll edirik. Belə yalnız öz xalqına düşmən olanlar fikir yürüdə bilərlər və bunu onların rəsmi şəxsləri deyiblərsə, onların qiyməti belədir... Çünki bununla onlar bizi müharibəyə və bunun nəticəsi olaraq öz xalqının faciəsinə sövq edirlər.

Siz Ermənistanın rəsmi şəxslərinin fikirlərini xatırlatdınız və burada mən onların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin hamıya bəlli 3 prinsipini öz xeyirlərinə necə gülməli şəkildə təqdim etməyə çalışmalarına toxunmaq istərdim. Sadəcə olaraq təəccüblüdür!

Qısaca olaraq bu 3 prinsipi xatırladıram:
- gücün tətbiq edilməməsi
- millətin öz müqəddəratını təyinetmə hüququ
- dövlətin ərazi bütövlüyü

Bundan başqa, ATƏT-in son Astana sammitində ABŞ dövlət katibi başa düşmək istəməyənlər üçün aydınlaşdıraraq bildirib ki, bu prinsiplərin hamısı tamdır və onlardan birini ayırmaq düzgün deyil. Yəni məsələ belə həll edilməlidir: güc tətbiq edilmədən Qarabağın erməni əhalisi bütöv Azərbaycanın tərkibində öz müqəddəratını müəyyən etməlidir.

Onlar bu buketdən olan prinsiplərdən birini - öz müqəddəratını təyin etməni vurğulayanda, yenə də yalnız onların başa düşə bildiyi tərzdə qələmə verərkən bu məntiqi rəhbər tutmaları aydın deyil. Həm də onlarda aydın olandan daha çox aydın olmayan var və yəqin hamı buna adət edib.

- Söhbətimizi belə bədbin notlarla bitirmək istəmirik...

- Qətiyyən lazım da deyil. Biz indiki Ermənistanda yaşamırıq ki, hər şey bədbin olsun, müvəqqəti hərbi uğurlara nikbinlik üçün səbəb kimi baxılsın, lakin bu halda açıq əllə yalnız uzağı görməyən siyasətçilər gəzə bilərlər. Məhv olmaq onların gələcəyidir. Onlar bütün regional, beynəlxalq kommunikasiyalardan uzaq düşəndən sonra bu quru ada kimə lazım olacaq? Onların müvəqqəti olaraq aldıqlarını biz onsuz da qaytaracağıq. Birmənalı! Bizim ordu nikbinlik üçün tamamilə əsas verir ki, biz gələcəyə inamla baxaq. Bizim ölkəmiz həm iqtisadi, həm siyasi, həm də sosial baxımdan hərtərəfli inkişaf edir. Biz müxtəlif cür qələbələr dadmışıq və mən istəyirəm hamını əmin edim ki, təcavüzkar, Qərbi Azərbaycana, bizim İrəvan, Üçmüədzin, Zəngəzur, Zəngibasar, Dərələyəz, Göyçə, Vedi, Gümrü və digər torpaqlarımıza əl uzatmış, indi Qarabağa əl uzadanların üzərində hərbi qələbə məsələsinə zamanın ehtiyacı var. Onlar elə bir yolla gedirlər ki, bizim üçün hərbi əməliyyatdan başqa çıxış yolu qoymurlar. Biz buna hazırıq və Azərbaycanın iqtisadi potensialı, hərbi gücü və şəxsi heyətin yüksək döyüş əhval-ruhiyyəsi qələbəmizin zəmanətçisidir!

Xəbər lenti

Xəbər lenti