...

Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - NATO-nun xüsusi nümayəndəsi

Siyasət Materials 1 İyul 2011 12:26 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində NATO-nun mövqeyi çox dəqiqdir: münaqişə hərbi yolla həll edilə bilməz, güc tətbiqi bütün tərəflər üçün yalnız hərbi potensialın itirilməsi, eləcə də siyasi və iqtisadi iflasla başa çatacaq.
Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - NATO-nun xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində NATO-nun mövqeyi çox dəqiqdir: münaqişə hərbi yolla həll edilə bilməz, güc tətbiqi bütün tərəflər üçün yalnız hərbi potensialın itirilməsi, eləcə də siyasi və iqtisadi iflasla başa çatacaq. NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay belə hesab edir.

"Biz bütün tərəfləri onların diplomatik proses yolunda irəliləmələri üçün dəstəkləməkdə davam edirik", - Trend-in məlumatına görə, Appaturay "Armİnfo" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, NATO Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həllində qalibin olmaması konsepsiyasının tərəfdarıdır.

"NATO şübhəsiz ki, danışıqlar prosesinə cəlb olunmayacaq, lakin əgər ümumi cizgilərdən danışsaq, mən bir neçə fikir söyləmək istərdim: biz hamımız prezidentlərin Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişin əldə edilməməsindən məyus olduq. Kazandakı bu görüş nəzərəçarpacaq irəliləyişin əldə olunması üçün yaxşı imkan verirdi, çox təəssüf ki, bu, baş vermədi. İrəliyə yeganə yol diplomatik yoldur", - xüsusi nümayəndə bildirib.

Prezidentlər İlham Əliyev, Dmitri MedvedevSerj Sarkisyan Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç ilə ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.

Appaturayın sözlərinə görə, diplomatik yol balanslaşdırılmış və qarşılıqlı əlverişli həllə gətirib çıxara biləcək yeganə yoldur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti