...

Azərbaycanda hərbi cinayətlərin sayı azalıb - hərbi prokuror

Siyasət Materials 29 İyul 2011 17:57 (UTC +04:00)
Əvvəlki hesabat dövrü ilə müqayisədə 2011-ci ilin birinci yarımilində qeydə alınmış tabelik qaydasının əleyhinə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə, maşınları idarəetmə, istismar qaydalarını pozma, özünü öldürmə, qulluğa səhlənkar yanaşma mülkiyyət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Trend-in məlumatına görə, bunu cümə günü keçirilən kollegiya iclasında ölkənin hərbi prokuroru, ədliyyə general-leytenatı Xanlar Vəliyev deyib
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb - hərbi prokuror

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Əvvəlki hesabat dövrü ilə müqayisədə 2011-ci ilin birinci yarımilində qeydə alınmış tabelik qaydasının əleyhinə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə, maşınları idarəetmə, istismar qaydalarını pozma, özünü öldürmə, qulluğa səhlənkar yanaşma mülkiyyət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Trend-in məlumatına görə, bunu cümə günü keçirilən kollegiya iclasında ölkənin hərbi prokuroru, ədliyyə general-leytenatı Xanlar Vəliyev deyib.

"Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları, ümumiyyətlə, qeydə alınmayıb. Qeydə alınmış cinayətlərin 98,8 faizinin, o cümlədən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə təsdiq olunmuş plan əsasında həyata keçirilən birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla yanaşı, qeyri-hərbi cinayətlərin sayı artıb", - Vəliyev bildirib.

Hərbi prokuror bildirib ki, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə bu növ cinayətlərin qarşısının alınması üçün Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə həmin cinayətlərin məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Silahlı Qüvvələrdə törədilən cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilib və icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Hərbi prokurorluq orqanları cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 81 faizinin istintaq zamanı ödənilməsini təmin ediblər.

2011-ci ilin birinci yarımilində ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi sahəsində müəyyən müsbət işlər görülüb, hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib.

Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 73 yoxlama keçirilib, nəticədə 965 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 166 təqdimat göndərilib, 68 nəfərə xəbərdarlıq edilib, 37 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 58 yazılı göstəriş verilib.
Dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 30 apelyasiya protestinin 47 faizi təmin olunub.

2011-ci ilin birinci yarımilində hərbi prokurorluq orqanlarında vətəndaşların 1137 müraciətinə baxılıb, 1789 vətəndaş müxtəlif məsələlərlə bağlı Hərbi Prokurorluq əməkdaşları tərəfindən qəbul edilib.

Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri CM-in soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələrilə istintaq olunaraq cinayət işi üzrə 287 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Görülmüş müsbət işlərlə yanaşı, kollegiyada "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunmuş və onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Vəliyev qeyd edib ki, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2011-ci il tarixli qərarına əsasən vəzifə borclarını layiqincə yerinə yetirən hərbi prokurorluq işçilərinə Respublika hərbi prokurorunun əmrinə əsasən Hərbi Prokurorluğun 94 əməkdaşına məharət dərəcələri verilib. Bu ilin altı ayında baş prokurorun və hərbi prokurorun müvafiq əmrlərilə xidməti fəaliyyətlərində fərqlənmiş 22 əməkdaş həvəsləndirilib, hərbi prokurorunun əmrilə 5 işçi vəzifədə irəli çəkilib, 8 işçi isə intizam məsuluyyətinə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti