Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir A.Tağıyeva/
İsrail və Türkiyə arasında əlaqələrin kəsilməsi İsrailin maraqlarına zərər yetirir və bu, Tel-Əvivi strateji blokadaya apara bilər. Türkiyə Böyük Millət Məclisinin deputatı Fevzi Şanverdi belə hesab edir.
"İsrail ilə əlaqələrin kəsilməsi heç bir şəkildə Türkiyənin regiondakı vəziyyətinə təsir etmir. Bu halda İsrail uduzur", - Şanverdi Ankaradan telefonla Trend-ə deyib.
Dünən Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bildirib ki, Türkiyə ilə İsrail arasındakı diplomatik əlaqələr ikinci dərəcəli səviyyəyə keçib və Ankara Tel-Əvivlə hərbi əməkdaşlığı dondurub.
Eyni zamanda, nazir deyib ki, Ankara İsraildəki səfirini geri çağırır.
Davudoğlunun sözlərinə görə, Tel-Əviv və Ankara arasındakı əlaqələr İsrail Türkiyədən üzr istəməyincə, bərpa olunmayacaq.
Deputatın sözlərinə görə, Türkiyə İsrailə üzr istəmək üçün kifayət qədər uzun müddət vermişdi, lakin İsrail hökuməti daxilindəki ixtilaflar Tel-Əvivin güclü iqtisadi və hərbi şərikini itirməsinə gətirib çıxarıb.
Şanverdi vurğulayıb ki, İsrail tərəfinin cavabı gecikdirilmədən gələcək, lakin onun növündən asılı olmayaraq Türkiyə öz mövqeyində duracaq.
Deputat Türkiyə tərəfinin İsrail ilə bütün əlaqələri Tel-Əvivin Türkiyədən üzr istəməsi və öldürülmüş Türkiyə vətəndaşlarının ailələrinə maddi kompensasiya ödənilməsindən sonra bərpa etməyə hazır olduğunu da bildirib.
Hərbi və diplomatik sahədə son vaxtlaradək sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasındakı münasibətlərə ötən il mayın 31-də İsrail xüsusitəyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan gəmilərə hücum etməsindən sonra güclü zərbə dəyib. İsrail əsgərləri ilə toqquşmalar zamanı, Türkiyənin "Mavi Mərmərə" gəmisində doqquz türk fəalı həlak olub. Ankara Təl-Əvivlə münasibətlərə yenidən baxılacağını elan edib və İsraildən həlak olanların ailələrinə kompensasiyaların verilməsini tələb edib.
Ötən ilin dekabrında Türkiyənin İsrailə 41 nəfərin həyatına son qoyan və ölkə tarixində ən iri meşə yanğınları ilə mübarizə aparmaq üçün iki təyyarə göndərməsi zamanı ikitərəfli münasibətlərin bərpa olunacağına ümid yaranmışdı. Lakin az sonra Türkiyənin rəsmi şəxsləri bəyan etmişdi ki, Ankara İsraillə münasibətləri yalnız onun rəsmən üzr istəməsindən sonra bərpa edəcək. Təl-Əviv isə buna rədd cavabı vermişdi.