...

AŞ PA Ermənistandan bölgədə vəziyyəti daha da gərginləşdirən addımları dayandırmağı tələb etməlidir - Azərbaycan deputatı

Siyasət Materials 3 Oktyabr 2011 17:12 (UTC +04:00)
AŞ PA Ermənistandan bölgədə vəziyyəti daha da gərginləşdirən addımların dayandırılmasını ciddi şəkildə tələb etməlidir.
AŞ PA Ermənistandan bölgədə vəziyyəti daha da gərginləşdirən addımları dayandırmağı tələb etməlidir - Azərbaycan deputatı

Fransa, Strasburq, 3 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

AŞ PA Ermənistandan bölgədə vəziyyəti daha da gərginləşdirən addımların dayandırılmasını ciddi şəkildə tələb etməlidir. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın bazar ertəsi öz işinə başlayan payız plenar sessiyasında çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilən bələdiyyə seçkilərinə toxunarkən deyib.

"AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnamədə də vurğulanır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və işğal etdiyi torpaqlardan geri çəkilməlidir. Amma Ermənistan nəinki AŞ və BMT-nin qətnamələrini yerinə yetirmir, hətta AŞ-nin çağırış və tələblərinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı və dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma "Dağlıq Qarabağ respublikasında seçkilər keçirir. Cari ilin sentyabr ayının 18-də işğal etdikləri Azərbaycan torpaqlarında keçirdikləri bələdiyyə seçkiləri nəinki beynəlxalq hüquqa, eləcə də BMT, ATƏT və AŞ-nin bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələrə ziddir, eyni zamanda, Dağlıq Qarabağ munaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gedən cox həssas danışıqlar prosesinə də ciddi bir zərbədir və bölgədə vəziyyəti daha da gərginləşdirib. Assambleyamız bu kimi halları kəskin pisləməklə yanaşı, Ermənistandan bu kimi addımların dayandırılmasını ciddi şəkildə tələb etməlidir", - Paşayeva deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti