...

Senator: Fransa ATƏT-in Minsk qrupunun sədri kimi neytrallığını qoruyub saxlamalıdır

Siyasət Materials 13 Yanvar 2012 12:21 (UTC +04:00)
Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədri kimi neytrallığını qoruyub saxlamalı və münaqişə tərəflərinin hansısa birini dəstəkləməməlidir.
Senator: Fransa ATƏT-in Minsk qrupunun sədri kimi neytrallığını qoruyub saxlamalıdır

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir A.Tağıyeva/

Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədri kimi neytrallığını qoruyub saxlamalı və münaqişə tərəflərinin hansısa birini dəstəkləməməlidir. Trend-in məlumatına görə, bu barədə Fransa Senatının üzvü Natali Qule Türkiyənin "Hürriyət" qəzetinə müsahibəsində deyib.

"Qondarma "erməni soyqırımı"nın inkarına görə cəzanın tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul etməsi Fransanın Ermənistanı dəstəkləməsi deməkdir. Bu MQ həmsədri üçün yolverilməzdir", - Türkiyə-Fransa parlamentlərarası dostluq qrupu sədrinin köməkçisi Qule deyib.

Onun sözlərinə görə, Fransa Senatında getdikcə daha çox deputat "erməni soyqırımı"nın inkarına görə cəzanın tətbiqini nəzərdə tutan qanun layihəsinin qəbuluna qarşı çıxır.
"Türkiyə Fransa Senatına inanmalıdır. Biz Ankaranı dəstəkləyirik", - Qule deyib.

Deputat bildirib ki, bu qanun layihəsinin kimin maraqlarına xidmət etdiyi hamıya aydındır, ona görə də senatorlar qrupu onun qəbuluna yol verməmək üçün kampaniya aparır.

"Hətta Senat həmin qanun layihəsini qəbul edərsə, biz Konstitutsiya Məhkəməsinə müraciət edə bilərik" - o qeyd edib.

Senatın qanun layihəsini 23 yanvar gündəliyinə salacağı gözlənilir.

Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Bu qərara cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu élan edib.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti