...

Peşəkarlığı yüksək olan Azərbaycan Ordusu dövlətçiliyin ən güclü faktorlarından biridir – deputat

Siyasət Materials 18 Yanvar 2012 13:25 (UTC +04:00)
Bu gün peşəkarlığı yüksək dərəcədə olan Azərbaycan Ordusu həm dövlətçiliyin, həm də Dağlıq Qarabağ probleminin həllinin ən güclü faktorlarından biridir.
Peşəkarlığı yüksək olan Azərbaycan Ordusu dövlətçiliyin ən güclü faktorlarından biridir – deputat

Azərbaycan, Bakı, 18 yanvar / Trend müxbir E.Mehdiyev/

Bu gün peşəkarlığı yüksək dərəcədə olan Azərbaycan Ordusu həm dövlətçiliyin, həm də Dağlıq Qarabağ probleminin həllinin ən güclü faktorlarından biridir. Bunu çərşənbə günü Trend-ə millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu düzgün daxili və iqtisadi siyasət nəticəsində möhkəmlənə bilib.

"Vaxt var idi ki, Azərbaycanın büdcəsi 800 milyon, 1 milyard dollar idi və bununda təxminən 130 milyon dolları Azərbaycanın hərbi büdcəsinə gedirdi. Ancaq bu gün ölkəmiz 22 milyard dollar büdcəyə malikdir və bunun da 3-4 milyard dolları hərbi büdcəyə gedir", - Mirzəzadə bildirib.

O, qeyd edib ki, bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən 2 dəfə artıqdır.

"Azərbaycan Ordusu ən müasir texnika ilə silahlanıb, maddi-texniki təchizatı yüksək səviyyədədir, orduda NATO standartları tətbiq edilir", - millət vəkili deyib.

O, hesab edir ki, güclü ordu bu gün Azərbaycan tərəfindən Ermənistana təzyiqin faktorlarından biridir.

"Azərbaycan Ordusunun qarşısında torpaqları işğaldan azad edmək məqsədi durur. Azərbaycan Ordusu buna hazırdır. Ermənistan bu irəliləyişi hiss edir və bunun qarşısında artıq duruş gətirə bilmir", - Mirzəzadə deyib.

Deputat qeyd edib ki, artıq Ermənistan generalları Azərbaycan Ordusunun üstünlüyünü etiraf etməyə məcburdur.

"Azərbaycan müharibəsiz və döyüşsüz torpaqları işğaldan azad etməyə üstünlük verir. Bu, Ermənistan üçün bir şansdır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ötən ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunan iclasında çıxışı Ermənistana bu şansın bir daha verildiyini göstərdi. Ermənistan bundan istifadə etməyəcəksə, bunun acı nəticələrini mütləq görəcək", - Mirzəzadə vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti