...

Fransa Senatında qəbul olunan qanun layihəsi Avropanın gələcəyi üçün ciddi təhlükədir - millət vəkili

Siyasət Materials 24 Yanvar 2012 16:50 (UTC +04:00)
Fransa Senatında qəbul olunan qanun layihəsi Avropanın gələcəyi üçün ciddi təhlükədir.
Fransa Senatında qəbul olunan qanun layihəsi Avropanın gələcəyi üçün ciddi təhlükədir - millət vəkili

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir M.Əliyev/

Fransa Senatında qəbul olunan qanun layihəsi Avropanın gələcəyi üçün ciddi təhlükədir.

Trend-in məlumatına görə, bu fikirləri çərşənbə axşamı AŞ PA-nın qış sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Fransa Senatında "erməni soyqırımı"nın inkarına görə cəzalandırmanı nəzərdə tutan qanun layihəsinin qəbul olunmasına münasibət bildirərkən deyib.

Paşayeva bildirib ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti Fransa Senatının qəbul etdiyi "erməni soyqırımı"nın inkarına görə cəzalandırmanı nəzərdə tutan absurd qanun layihəsinin qəbuluna etirazını bildirərkən qeyd edib ki, bu etiraz təkcə bizim və Türkiyənin deyil, eləcə də Avropa Şurası məkanında yaşayan 100 milyonluq türk əsilli insanın və Fransada məskunlaşan yarım milyonluq türk əsilli vətəndaşın etiraz səsidir.

"Qəbul olunan qanun heç bir tarixi faktlara yox, siyasi maraqlara əsaslanan bir qanundur. Eyni zamanda bu, AŞ-nin bütün təməl prinsiplərinə, soz və fikir azadlığına, insan haqları kimi dəyərlərə ziddir", - o deyib.

O qeyd edib ki, AŞ və və Assambleyaya üzv olan nümayəndə heyətlərinin əksəriyyətindən buna qarşı ciddi etirazların olması da gözlənilir.

"Bu qərar Avropa gələcəyi üçün nə qədər böyük bir təhlükənin əsasını qoyan bir qərardır. Fransada yarım milyonluq türk əsilli vətəndaşları həbsxanalara salacaqsınız? Jurnalistlər, tarixçi alimlər tarixi araşdırmalarında tarixi faktlara əsaslanacaqlar və təbii ki, fərqli mövqe ortaya qoyacaqlar. Çünki belə bir soyqırım olmayıb. Bu halda nə edəcəksiniz? Əgər belə edəcəksinizsə, hansı haqla söz, düşüncə, insan azadlığından danışacaqsınız? Bu qanun AŞ məkanı, AŞ-nin üzv ölkələri üçün də çox mənfi bir tendensiyadır. Sabah hər bir ölkə başqa bir üzv ölkənin tarixini araşdırıb özünün maraqlarına uyğun qərarlar qəbul etsə, bizi hansı gələcək gözləyir? Bu baxımdan düşünürük ki, bu məsələnin üzərində ciddi düşünüləcək və bu qərarın qəbulu hələ son demək olmayacaq", - Paşayeva deyib.

Millət vəkili qeyd edib ki, bunun vətəndaşlar tərəfindən məhkəmə sistemlərinə qədər daşınması və onun ləğvinə çalışması istiqamətində addımlar atılacaq və atılmalıdır.

"Beynəlxalq təşkilatlarda bu məsələyə dair öz səsimizi ucaltmaqla yanaşı, hüquq müstəvisində də bununla bağlı sona qədər addımlar atmalıyıq və qanunun ləğvinə nail olunmalıdır. Bu, çox mənfi bir presedentdir. Avropalı həmkarlarınmız da qeyd edirlər ki, qəbul olunan bu qanun çox ciddi problemlərin əsasını qoyur. Avropa məkanındakı təməl prinsip və dəyərlərə ziddir. AŞ PA sessiyası zamanında bu məsələni gündəmdə saxlayacağıq", - o deyib.

Paşayeva bu qanunun qəbulundan sonra Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyətinin şübhə altına alındığını da xüsusi vurğulayıb.

"Fransa Senatı qəbul olunan bu qanun layihəsi ilə özünün ATƏT-in Minsk qrupunun həmsədri roluna çox ciddi zərbə vurdu. Çünki Azərbaycanda heç kim inanmayacaq ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə obyektiv, neytral və ədalətli rol oynaya bilər. Dəfələrlə fransız həmkarlarımızın diqqətinə çatdırdıq ki, siz bununla Minsk qrupundakı rolunuza çox ciddi zərbə vurdunuz və göstərdiniz ki, obyektiv, neytral və ədalətli ola bilmirsiniz. Burada siz tərəfsiz deyilsiniz. Ona görə də düşünürəm ki, Azərbaycan və Azərbaycan xalqı Fransadan ədalətli heç bir şey gözləmir. Təbii ki, Azərbaycan xalqı bu məsələnin üzərində ciddi düşünəcək. Artıq bu qanunun qəbulundan sonra Fransa Minsk qrupunun həmsədrliyindən getməlidir", - Paşayeva deyib.

Xəbər lenti

Xəbər lenti