...

Hakim partiya: Qondarma "erməni soyqırımı" məsələsi həm Türkiyəyə, həm də Azərbaycana qarşı yönəlmiş bir mövzudur

Siyasət Materials 30 Yanvar 2012 15:56 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, qondarma "erməni soyqırımı" məsələsinin harada müzakirə edilməsindən asılı olmayaraq, ümumilikdə bu mövzu həm Türkiyəyə, həm də Azərbaycana qarşı yönəlmiş bir mövzudur.
Hakim partiya: Qondarma "erməni soyqırımı" məsələsi həm Türkiyəyə, həm də Azərbaycana qarşı yönəlmiş bir mövzudur

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) hesab edir ki, qondarma "erməni soyqırımı" məsələsinin harada müzakirə edilməsindən asılı olmayaraq, ümumilikdə bu mövzu həm Türkiyəyə, həm də Azərbaycana qarşı yönəlmiş bir mövzudur.

"Qondarma "erməni soyqırımı" məsələsinin Fransa parlamentində müzakirəsi zamanı və müzakirədən əvvəl Azərbaycan tərəfi buna çox ciddi reaksiya verib", - bunu bazar ertəsi Trend-ə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

Qeyd edək ki, Türkiyənin bəzi KİV-ləri ədalətsiz mövqedən çıxış edərək, Azərbaycanın bu məsələ ilə bağlı göstərdiyi reaksiyasını kiçiltməyə cəhd edir və Azərbaycanı heç bir reaksiya verməməkdə günahlandırır.

O bildirib ki, yalnız bu gün yox, əvvəllər də hələ bu qondarma "erməni soyqırımı" məsələsinin Fransa parlamentində tanıdılması istiqamətində işlər gedərkən, ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Parlamenti, Azərbaycan hökuməti buna öz etirazını bildirib. 2001-ci ildə bununla bağlı çox böyük bir etiraz məktubu Fransa Senatına ünvanlanıb.

"Sonralar isə Azərbaycan tərəfi bu məsələdə Ermənistanın və erməni lobbisinin hərəkətlərinin bütövlükdə bölgədə sülhə və əmin-amanlığa ziyan vurduğunu qeyd edib və bunun da əleyhinə çıxıb", - Qurbanlı deyib.

O qeyd edib ki, həmin qanunun Fransa parlamentində 2011-ci ildə müzakirəsi ərəfəsində də, müzakirəsi zamanı da Azərbaycan Parlamenti bununla bağlı mövqeyini bildirib, Prezident Administrasiyasının söbə müdiri Novruz Məmmədovun açıqlaması, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı, Prezident İlham Əliyevin Türkiyə parlamentinin nümayəndələri ilə görüşündə açıqlaması, həmçinin, Azərbaycanın ictimai-siyasi qrumlarının etiraz məktubları, YAP-ın etiraz məktubları, YAP Gənclər Birliyinin Fransa parlamentinə etiraz məktubları və Azərbaycan mətbuatının etirazları Azərbaycan mətbuatında özünə yer tutub və bütün bunlar eyni zamanda Türkiyə səfirliyinə, Türkiyə ictimaiyyətinə bəllidir.

"O ki qaldı Türkiyə mətbuatında bunula bağlı bəzi yazıların getməsinə və Azərbaycanın guya bu məsələdə zəif dəstək verməsinə aid çıxışlara, hesab edirəm ki, bunlar düzgün deyil. Mən özüm bununla bağlı Türkiyə mətbuatında iki yazıya diqqət yetirdim. Yazı müəllifinin fikri budur ki, bu məsələdə Azərbaycan dövlət səviyyəsində niyə münasibət bildirməyib? Ancaq Azərbaycan dövlət səviyyəsində münasibət bildirib", - millət vəkili qeyd edib.

O vurğulayıb ki, Azərbaycan dövləti mövqeyini açıq şəkildə ortaya qoyub, Xarici İşlər Nazirliyi Azərbaycanın rəsmi dövlət qrumu kimi bəyanat yayıb. Ona görə də Türkiyə mətbuatında bəzi belə xırda yazıların getməsi yolverilən deyil və Türkiyə-Azərbaycan strateji dostluğuna, əməkdaşlığına xələr gətirir, Türkiyə ictimai rəyini yalnış istiqamətə yönəltmək cəhdi hesab olunur.

"Ona görə də biz hesab edirik ki, bu cür yazılar yazılmamalıdır və bildiyimə görə, Türkiyə ictimai rəyi Azərbaycanın göndərdiyi məlumatlarla kifayət qədər dolğun şəkildə təmin edilib. Düşünürəm ki, bu cür yazılar gələcəkdə özünə yer tapmayacaq. Bu yazıları Türkiyənin bütün mətbuatına aid etmək olmaz, Türkiyənin rəsmi mətbuatında bu cür yazılara rast gəlməmişəm", - Qurbanlı deyib.

O, hesab edir ki, bu, kütləvi xarakter daşımır və Türkiyənin rəsmi mövqeyi deyil.

"Türkiyə hökümətinin rəsmi mövqeyi bəllidir, hökumət bilir ki, Azərbaycan və Türkiyə müttəfiq ölkədir, Azərbaycanın bu istiqamətdə gördüyü işlər hamıya məlumdur. Bu yazılar Türkiyədə Türkiyə-Azərbaycan dostluğuna xələr gətirmək istəyən qrupların işi ola bilər", - Qurbanlı deyib.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti