Azərbaycan, Bakı, 28 mart /Trend/
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, eyni zamanda, Uruqvayda akkreditə olunması ilə əlaqədar etimadnamələrini Uruqvay Şərq Respublikasının Prezidenti Jose Mujicaya təqdim edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təqdimat mərasimindən sonra keçirilmiş görüşdə əvvəlcə Əhmədzadə Prezident Mujicaya Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını bildirib, öz tərəfindən təşəkkür edən Uruqvay Prezidenti onun da salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Səfir Azərbaycanın qədim və zəngin tarixi-mədəni irsi, ölkəmizin müstəqillik dövründə keçdiyi yol, əldə etdiyi yüksək inkişaf göstəriciləri, regional liderliyi, regional əməkdaşlıq və inteqrasiyada, qlobal enerji təhlükəsilzliyindəki əhəmiyyətli rolu barədə ətraflı məlumat verib. Əhmədzadə, habelə ölkəmizin yüksələn beynəlxalq nüfuzu, diplomatiyamızın geniş əhatə dairəsinə malik olması, bu xüsusda son illərdə Latın Amerikası ölkələri ilə əlaqələrimizdə müşahidə olunan inkişaf barədə danışıb, habelə Azərbaycanın Uruqvayla da əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Bu marağın qarşılıqlı olduğunu vurğulayan Prezident Jose Mujica deyib ki, Uruqvay və Azərbaycan geniş əməkdaşlıq potensialına malik ölkələrdir və önümüzdəki müddət ərzində birgə çalışaraq və mövcud potensialdan yararlanaraq əlaqələrimizi inkişaf etdirməliyik.
Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli formatda əlaqələrin inkişafı, xüsusilə də yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, iqtisadi, ticarət, sərmayə sahələrində mövcud əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Habelə, ölkələrin bir-birini yaxından tanıması üçün xalqlararası təmasların, humanitar, mədəniyyət, idman sahələrində əlaqələrin inkişafının vacibliyi də vurğulanıb, bu xüsusda bu il Azərbaycanda keçiriləcək 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatına Uruqvay milli yığmasının da vəsiqə qazanması yüksək qiymətləndirilib.
Görüşdə həmçinin, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb və Əhmədzadə münaqişənin nizamlanmasına dair Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib.