...

Adam Sterlinq: ABŞ-Azərbaycan əlaqələri bir sıra sahələrdə ortaq maraqlara əsaslanır

Siyasət Materials 5 Aprel 2012 20:16 (UTC +04:00)
ABŞ və Azərbaycan arasında əlaqələr təhlükəsizlik, enerji, eləcə də demokratik və iqtisadi islahatlar sahəsində ortaq maraqlara əsaslanır.
Adam Sterlinq: ABŞ-Azərbaycan əlaqələri bir sıra sahələrdə ortaq maraqlara əsaslanır

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/

ABŞ və Azərbaycan arasında əlaqələr təhlükəsizlik, enerji, eləcə də demokratik və iqtisadi islahatlar sahəsində ortaq maraqlara əsaslanır. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı işlər müvəkkili Adam Sterlinq iki ölkə arasında diplomatik əlaqələrin 20-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

"ABŞ Azərbaycanın sülhsevər, çiçəklənən və müstəqil demokratik dövlət kimi inkişafında onu dəstəkləmiş və bundan sonra da dəstəkləmək üçün əlindən gələni edəcək", - o deyib.

Sterlinqin sözlərinə görə, Azərbaycan beynəlxalq təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində önəmli rol oynayır.

"Azərbaycanlı və amerikalı əsgərlər Kosovo, İraq və indi Əfqanıstanda çiyin-çiyinə dayanıblar. Azərbaycan, həmçinin Əfqanıstanda NATO əməliyyatlarının dəstəklənməsi üçün önəmli nəqliyyat marşrutu olub", - o deyib.

Sterlinq bildirib ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi danışıqlar yolu ilə uzunmüddətli nizamlanmaya nail olmaq üçün tərəflərlə sıx əməkdaşlığı davam etdirir.

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli nizamlanmasında ortaq sadiqliyimizdən daha önəmli heç nə ola bilməz", - o qeyd edib.

Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycanın ABŞ-da ilk səfiri olmuş Hafiz Paşayev bildirib ki, bütün əngəllərə və vaxtaşırı olan geriləmələrə rəğmən, iki ölkə arasında əlaqələr inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Onun sözlərinə görə, bu strateji tərəfdaşlığın təməli 1994-cü ildə ümummilli lider Heydər Əliyev və Bill Klinton tərəfindən qoyulub.

Paşayev qeyd edib ki, ABŞ-ın dəstəyi ilə Azərbaycanda enerji layihələri həyata keçirilib, Azərbaycanın dəstəyi ilə ABŞ tərəfindən təhlükəsizlik, terrorizmə qarşı mübarizə daha effektiv aparılır.

"Biz ABŞ-ın Ermənistan və Azərbaycan arasında uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha fəal olmasını istəyirik", - o deyib.

Nazir müavini, həmçinin ABŞ-Azərbaycan tərəfdaşlığının hüdudlarını genişləndirməyin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti