...

Məhkəmə Arif Hacılının ərizəsini geri qaytarıb

Siyasət Materials 16 Aprel 2012 12:09 (UTC +04:00)
Müsavat Partiyası Mərkəzi İcra Aparatının həbsdə olan rəhbərinin məhkəməyə ərizəsi geri qaytarılıb.
Məhkəmə Arif Hacılının ərizəsini geri qaytarıb

Azərbaycan, Bakı, 16 aprel / Trend müxbir K.Zərbalıyeva/

Müsavat Partiyası Mərkəzi İcra Aparatının həbsdə olan rəhbərinin məhkəməyə ərizəsi geri qaytarılıb.

Bakının Suraxanı rayon məhkəməsindən Trend-ə verilən məlumata görə, 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, İctimai Palatanın (İP) üzvü Arif Hacılının cəzasının üçdə birini çəkdiyi üçün vaxtından əvvəl azadlığa çıxması barədə məhkəməyə ərizəsi düzgün tərtib olunmadığından geri qaytarılıb.

Məhkəmədən bildirilib ki, ərizə hakim Samir Məmmədovun icraatına veriimişdi. Ərizəyə baxılıb və onda bəzi çatışmazlıqlar olduğundan aradan qaldırılması üçün 16 saylı cəzaçəkmə müəssisəsinə geri qaytarılıb.

Arif Hacılı ilə görüşməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirən Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov Trend-ə bildirib ki, bir neçə gün öncə 16 saylı cəzaçəkmə müəssisəsində xidmət rəhbərliyinin məhkumların qəbulu üzrə qrafikinə uyğun olaraq məhkumları qəbul edib. Həmin müəssisədə cəza çəkən Hacılı da digər məhkumlarla yanaşı onun qəbulunda olub.

Əlixanov tərəfindən qəbulu zamanı Hacılı saxlanma şəraiti, onunla və digər məhkumlarla davranışdan razı qaldığını, hər hansı hüququnun pozulması barədə şikayəti olmadığını bildirib.

"Bununla yanaşı Arif Hacılı vaxtından əvvəl azad olunması ilə bağlı hansı hüquqlara malik olması və bu hüquqlardan istifadə etmə qaydaları barədə maraqlanıb. Ona cəzasının ən azı 1/3-ni çəkdikdən sonra məntəqə tipli cəzaçəkmə müəssisəsinə, yarısını çəkdikdən sonra isə vaxtından əvvəl şərti olaraq azadlığa buraxılması barədə məhkəməyə, habelə əfv olunması üçün isə Əfv Komissiyasına müraciət etmək hüququ izah edilib", - Əlixanov deyib.

O, bildirib ki, bir sıra beynəlxalq və yerli təşkilatların, vətəndaş cəmiyyəti nümayəndələrinin ayrı-ayrı məhkumlara daha çox diqqət göstərmələri bu şəxsləri vaxtından əvvəl azadlığa çıxmağa meyilli olmamağa sövq edir.

"Onlar törətmiş olduqları cinayətlərə görə məhkum olduqları cəzaları siyasiləşdirməyə meyilli olurlar. Bu məqsədlə onlara cəzadan vaxtından əvvəl azad olunma, cəzaçəkmə müəssisəsi növünün dəyişdirilməsi, əfv olunma barədə əfv komissiyasına müraciət etmə kimi qanunla nəzərdə tutulan humanist xarakterli normaların tətbiqi mümkünlüyü barədə izahlar verilməsinə baxmayaraq, müxtəlf bəhanələrlə müvafiq ərizə ilə müraciət etməkdən imtina edirlər", - rəis müavini deyib.

Əlixanov yayılan məlumatlarda onun xüsusi rütbəsinin təhrif olunduğunu bildirib.

Hacılı İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi razılaşdırılmamış etiraz aksiyasında saxlanılıb, məhkəmənin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti