...

İlham Əliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunu qəbul edib

Siyasət Materials 18 Aprel 2012 13:45 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirən dövlətimizin başçısı təşkilatın Avropa üzrə 28-ci regional konfransının Bakıda keçirilməsinin bu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev konfransın uğurlu keçəcəyinə və nümayəndə heyətinin Azərbaycanı yaxından tanıması üçün tədbirin yaxşı fürsət yaradacağına əminliyini ifadə etdi.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva tədbirdə dünyanın 50-dən artıq region ölkəsindən 46-nın yüksək səviyyədə təmsil olunmasını konfransa olan marağın nəticəsi kimi qiymətləndirdi. O bildirdi ki, tədbirin əsas məqsədlərindən biri kənd təsərrüfatının inkişaf etdirilməsi üzrə prioritetlərin müəyyənləşdirilməsidir.

Baş direktor konfrans çərçivəsində nazirlərin "dəyirmi masa"sında ərzaq təhlükəsizliyinə dair məsələlərin də müzakirə olunacağını qeyd etdi.

Joze Qratsiano da Silva Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Xəbər lenti

Xəbər lenti