Azərbaycan, Bakı, 5 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov Qazaxıstan Senatının sədri Kayrat Mami ilə görüşüb.
Səfirlikdən şənbə günü Trend-ə daxil olan məlumata görə, Həşimov Mamini Senatın sədri təyin olunması münasibətilə təbrik edib və son zamanlar ölkəmizdə gedən quruculuq işləri, iqtisadi nailiyyətlər və Azərbaycanın dünyada yüksələn imici, həmçinin Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinə hazırlıq barədə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkə rəhbərliyi tərəfındən atılan addımlar, Ermənistan tərəfin tutduğu qeyri-konstruktiv mövqeyi barədə geniş məlumat verib.
Görüş zamanı Mami Qazaxıstan ilə Azərbaycan arasında gündən-günə inkişaf edən əlaqələr barədə danışıb və hazırda qardaş və dost ölkə olan Azərbaycanın Qazaxıstanın Qafqaz regionunda ən yaxın önəmli tərəfdaşı olduğunu, həmçinin Qazaxıstanın həyatında azərbaycanlıların da rolunun mühümlüyünü bildirib.
Həşimov Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və hazırda Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasının keçirildiyini bildirib.
Mami ölkəmizin Təhlükəsizlik Şurasına sədrlik etməsi münasibətilə Həşimovu təbrik edib və bunu böyük diplomatik qələbə kimi qiymətləndirib.
Senatın sədri Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindəki böyük qələbəsini xüsusilə qeyd edib və əminliklə bildirib ki, Azərbaycan üçün bu qələbənin davamı digər sahələrdə də olacaq. Mami bunun, həmçinin ölkəmizin iqtisadi potensialının artması ilə də bağlı olduğunu bildirib.
Mami mayın 30-31-də Astanada keçiriləcək Dünya Dini liderlərinin IV qurultayı barədə danışıb və bildirib ki, bu cür tədbiri keçirməkdə məqsəd bütün dünyaya nümayiş etdirməkdir ki, Qazaxıstan tolerantlığın və sülhün tərəfdarıdır.
Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov Qazaxıstan Senatının sədri Kayrat Mami ilə görüşüb.
