Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.Mehdiyev/
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının qurultayının keçirilməsi üçün müvafiq yer ayrılması ilə bağlı partiyanın müraciətini cavablandırıb.
Partiyadan Trend-ə bildiriblər ki, BŞİH növbəti dəfə Bakıxanov qəsəbəsindəki A.İsgəndərov adına Mədəniyyət Evini, Maştağa qəsəbəsindəki M.Məmmədyarov adına Mədəniyyət Evini, Əmircan qəsəbəsindəki S.Bəhlulzadə adına Mədəniyyət Evini və Əhmədli qəsəbəsindəki "Bakı" kinoteatrını partiyaya təklif edib.
Məktubda partiyaya bu yerlərdən birini seçərək, həmin yerin müdiriyyətinə müraciət etmələri tövsiyə olunub.
Qeyd edək ki, mayın 8-də Müsavat Partiyası VIII qurultayını keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müvafiq yer ayırması üçün müraciət edib. Müraciətdə qurultayın keçirilməsi üçün 800-1000 nəfərin yerləşə biləcəyi iclas zalının ayrılması xahiş olunub.