...

Azərbaycan böyük iqtisadi potensialı olan ölkədir - Argentina qəzeti

Siyasət Materials 5 İyun 2012 19:37 (UTC +04:00)
Azərbaycan geniş iqtisadi ekspansiyası və böyük iqtisadi potensialı olan bazara malik ölkədir.
Azərbaycan böyük iqtisadi potensialı olan ölkədir - Argentina qəzeti

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycan geniş iqtisadi ekspansiyası və böyük iqtisadi potensialı olan bazara malik ölkədir. Trend-in məlumatına görə, bu barədə Argentinanın TELAM qəzeti yazır.

İyulun əvvəlində tərkibində işgüzar dairələrin 300 nümayəndəsinin olduğu Argentinanın biznes missiyasının Azərbaycana qarşıdakı səfəri böyük rezonans doğurub və səfər hazırda bu ölkənin mətbuatının geniş diqqət mərkəzindədir.

"Argentinanın daxili ticarət üzrə dövlət katibi Gilyermo Moreno iyulun 2-5-də ölkənin iş adamlarından ibarət nümayəndə heyətinin müşayiəti Azərbaycana səfər edəcək", - Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin və səfirliyin əməkdaşı Ruslan Rzayevin qəzetə müsahibəsində deyilir
(http://www.telam.com.ar/nota/26584/http://www.telam.com.ar/nota/26789/).

"9,2 milyon əhalisi, ümumi daxili məhsulu 64,4 milyard dollar (adambaşına 7 min dollar) olan Azərbaycan karbohidrogen ixracı ilə hazırda geniş iqtisadi ekspansiya yaşayan və böyük strateji potensialı olan bazara malik ölkədir", - qəzet yazır.

Qəzetin məlumatına görə, dövlət katibinin səfəri hazırda sabit iqtisadi artım yaşayan ölkəyə baş tutacaq.

"İki ölkə arasında aqrar sənaye və heyvandarlıq, emal olunmuş məhsulların alışı, texnologiyanın ötürülməsi, habelə tikinti, əczaçılıq və maşınqayırma sənayəsi, neft, qaz, kimya sənayesi, infrastruktur və bərpa olunan enerji sahələrində geniş əməkdaşlıq imkanları və perspektivlər mövcuddur", - TELAM Azərbaycan diplomatlarına istinadən yazır.

Qəzet Azərbaycanın uğurlu coğrafi mövqeyi və malik olduğu böyük maliyyə imkanları sayəsində Qafqaz, Mərkəzi Asiya və Xəzər hövzəsi bazarlarına da çıxış olduğunu qeyd edir.

Məqalələrdə, həmçinin cari ilin fevral ayının sonlarında ölkə Prezidenti Kristina Fernandez de Kirşner tərəfindən Azərbaycanda Argentina səfirliyinin təsis edilməsi ilə bağlı dekretin imzalanmasınə xatırladılır. Belə bir qərar xarici işlər naziri Hektor Timermanın martın əvvəllərində Azərbaycana səfərə gəlməsinə səbəb olub. Səfər zamanı Timerman Prezident İlham Əliyev tərəfindən qəbul edilib.

TELAM bildirir ki, bundan öncə fevral ayının əvvəllərində turizm naziri Enrike Meyer Azərbaycan paytaxtına səfər edərək təmsil etdiyi sahədə əlaqələrə təkan verilməsini razılaşdırıb.

Məqalələrdə, həmçinin vurğulanır ki, ötən ilin sentyabrında kənd təsərrüfatı katibi Lorenzo Basso Azərbaycana gələrək kənd təsərrüfatı naziri İsmət Abasov və aidiyyəti üzrə sektorun şirkətləri ilə görüşüb, bundan sonra noyabr ayında isə Bakıda elm və texnologiyalar naziri Lino Baranao Prezident İlham Əliyev tərəfindən qəbul edilib və səfər vaxtı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün Argentina elmi texnologiyalarının tətbiqi imkanları müzakirə edilib.

Qəzet qeyd edir ki, son illərdə iki ölkənin ticarət dövriyyəsində artım müşahidə olunub və 2011-ci ildə ticarət həcmi 34,6 milyon dollar təşkil edib. Bundan başqa, Argentinadan Azərbaycana ixracatın şəkər qamışı, soya və digər bitki yağları, farmasevtika, süd məhsulları, sitrus meyvələri və sairdən ibarət olduğu vurğulanır.

Xəbər lenti

Xəbər lenti